İyunun 2-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hibrid formatda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyası (BMT BA-nın xüsusi sessiyası) öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev təmsil edir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın açılış nitqi ilə başlanmış tədbirdə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yolları, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının daha effektiv tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmləri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Daha sonra, BMT-nın Baş Assambleyasının 17 dekabr 2018-ci il tarixli 73/191 nömrəli qətnaməsi əsasında yaradılmış korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yollarına, həmin Konvensiyasının müddəalarının tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmlərinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək, Tərəf Dövlətlərinin birgə səyləri ilə hazırlanıb və korrupsiyaya qarşı mübarizədə kollektiv tədbirlərə yönəlmiş Siyasi Bəyannamə qəbul edilib.
Daha sonra, BMT-nin nümayəndələrinin, Türkiyə Respublikası, Rusiya Federasiyası, ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Avstraliya, Norveç Krallığı, Meksika Birləşmiş Ştatları, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya tərəf olan digər ölkələrin dövlət və hökumət başçıları, o cümlədən digər yüksək vəzifəli şəxsləri ilə yanaşı video formatda çıxış edən Baş prokuror Kamran Əliyev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barəsində geniş məlumat verərək, iştirakçılara bu sahədə effektiv mübarizə siyasətinin tərkib hissəsi kimi həyata keçirilmiş islahatlardan, ölkədə korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin və eləcə də hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətindən bəhs edib, o cümlədən qəbul edilmiş Siyasi Bəyannamənin növbəti bir universal sənəd kimi Tərəf Dövlətlərin səylərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Habelə, çıxışında ölkə təcrübəsində şəffaflıq və keyfiyyətlilik meyarlarının rəhbər tutulduğu kompleks tədbirlərə dair nümunələrə toxunan Baş prokuror son illər milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, azad rəqabət mühiti və insan kapitalının inkişafının təmin edilməsinin ölkəmizin dünya miqyasında mövqeyinin daha da gücləndirməsi, həmçinin Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar olan Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsi ilə qarşılıqlı əməkdaşlığından danışıb.
Həmçinin, xüsusi sessiyaya əlavə olaraq Azərbaycan tərəfinin təşəbbüsü ilə dünyada qeyri-kommersiya təşkilatlarında baş verən korrupsiya hüquqpozmaları ilə bağlı məsələlərinin müzakirəsi üzrə müvafiq görüş keçiriləcəkdir.
BMT BA-nın xüsusi sessiyası öz işini cari ilin 4 iyun tarixinədək davam etdirəcəkdir.