16 İyun 2021 22:36
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

III Yazı

Əvvəli burada

Əbdülvahab Məhəmmədzadənin xatirələrində Azərbaycanın önəmli şəxsiyyətləri və onların təmsil olunduqları təşkilatlar haqqında da maraqlı bilgilər yer alıb. Azərbaycan Cümhuriyyəti nazirlərindən Məhəmmədhəsən Hacınski, Əhmədcövdət Pepinov kimi şəxslərin də adlarının olduğu Azərbaycan Milli Mərkəzi haqqında da məlumatlar verib.

Azərbaycan Milli Mərkəzi

Dövlət Təhlükəsizlik Xidmətinin arxivindəki sənədlər əsasında Azərbaycan Milli Mərkəzi ilə bağlı tədqiqat aparan Elşad Qocanın yazdığına görə, bu təşkilat 1924-cü ildə yaradılıb. Mərkəzə azərbaycanlı ziyalılar, keçmiş cümhuriyyətin nazirləri, Müsavat və İttihad partiyalarının üzvləri rəhbərlik ediblər. Təşkilat üsyançı dəstələr hazırlamaq, təxribatçılıq yolu ilə sənayedə, nəqliyyatda, kənd təsərrüfatında ziyanvericilik işləri ilə məşğul olmaq, başqa millətçi təşkilatlarla əlaqələrin möhkəmlənməsi məqsədilə Birləşmiş Zaqafqaziya Komitəsi yaratmaq kimi suçlarda ittiham olunub. Eləcə də sənədlərə görə, Mərkəz Parisdə yerləşən Əlimərdan bəy Topçubaşının rəhbəri olduğu Qafqaz Siyasi Mühacirlərinin Birləşmiş Komitəsi və İstanbulda Məhəmmədəmin Rəsulzadənin başçısı olduğu Müsavatın Xarici Bürosu ilə əlaqədə olub, onlardan göstərişlər alıblar.

Təşkilat haqqındakı sənədlərdə 53 nəfərin adı qeyd olunub. Aralarındakı məşhur şəxslər bunlardır: Məhəmmədhəsən Hacınski, Xudadad bəy Məlikaslanov, Əhmədcövdət Pepinov, Cəfər Rüstəmbəyov, Firuz bəy Ordubadski və b.

Təşkilat Qərbi Avropa ölkələrinə, xüsusilə İngiltərəyə daha çox meyil göstərib. “AXC Ensiklopediyası”na görə, Milli Mərkəzin xarici mühacirət mərkəzləri ilə əlaqəsi 1926-cı ildə yaradılıb. Xaricdəki mühacirət mərkəzləri ilə yanaşı, onların Ərdəbil və Təbriz filialları ilə də əlaqə saxlanılıb. İstintaq materiallarına görə bu filiallar Paris və İstanbuldan gələn tapşırıqların çatdırılmasında ötürücü məntəqə funksiyasını yerinə yetiriblər. Lakin təşkilat 1930-cu illərdə aşkar edilib, üzvləri həbs olunub. Belə ki, 1931-ci il sentyabrın 30-da Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının məhkəmə iclasında, 1932-ci il fevralın 2-də isə Tiflisdə Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmədə "Azərbaycan Milli Mərkəzinin işi"nə baxılıb, onun fəaliyyətinə son qoyulub, üzvləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum olunublar.

Gizli təşkilat, yoxsa oyun?

Maraqlıdır ki, dövrün şahidi olan Əbdülvahab Məhəmmədzadə Bakıda qurulan Azərbaycan Milli Təşkilatını bolşeviklərin özlərinin yaratdığı bir qurum olaraq qeyd edib: “Azərbaycanın istiqlal dövründə yüksək məqamlarda olan bəzi tanınmış ziyalıları aradan götürmək üçün Dövlət Siyasi İdarəsi (QPU) öz casuslarına Azərbaycan Milli Mərkəzi adı ilə qondarma gizli bir təşəkkül qurdurmuşdu... İşin qəribə cəhəti o idi ki, Azərbaycan Milli Mərkəzində türklərlə yanaşı bir qrup rus, erməni və yəhudilər də vardı. QPU-nun iddiasına görə, bu təşəkkül Azərbaycanın hər tərəfinə qol-budaq salmış, gizli radio təsisləri vasitəsi ilə Türkiyə ilə xəbərləşirmiş”.

Məhəmmədzadəyə görə, bu təşkilat Zeynal Tağıyevin əli ilə QPU tərəfindən yaradılıb və həmin şəxs dövrün ziyalılarının adlarını siyasi idarəyə təqdim edib.

Əbdülvahab bəyin rus, yəhudi, erməni üzvlər qeydi doğrudur, çünki arxivdəki sənədlərdəki 53 nəfər arasında fərqli ad-soyadlara rast gəlinir.

Azərbaycanın Mefistofeli

Xatirələrinin bu qismində Əbdülvahab bəy Məhəmmədhəsən Hacınski haqqında maraqlı bilgilər verib. Azərbaycan Cümhuriyyətinin ilk Xarici İşlər naziri, Trabzon konfransının iştirakçısı, Batum müqaviləsinə imza atan, Paris Sülh Heyətində təmsil olunan Hacınski haqqında Məhəmmədzadə xatirələrində yazıb:

“Hacınski Çarlıq dövründə Bakı şəhər bələdiyyəsinin üzvü idi. Paris Nümayəndə heyətinin üzvü ikən Azərbaycanın üzərində Sovet istila buludları yığıldığı əsnada 1920-ci ilin ilk aylarında birdən-birə Bakıya qayıtmış, Kommunist partiyasının öndə gedənləri ilə təmas qurmuşdu. Özbaşına girişdiyi bu təşəbbüslərdən belə başa düşülür ki, Hacınskinin qayəsi bolşeviklərlə dost bir sol hökumət quraraq məmləkətə Qırmızı ordunun girməsinin qarşısını almaqdı. Yoxsa Hacınskinin hərəkətini başqa cür izah etməyə imkan yoxdur. Məmləkətinə xəyanət etməsi üçün ortada bir səbəb yoxdu. Kommunistlərlə heç bir əlaqəsi olmadığı kimi ən yüksək mövqelərə qədər irəliləyərək məmləkətindən hər zaman yaxşılıq görmüşdü. Onun da mübarizəsinin məqsədi hər vəsilə ilə Anadoludakı istiqlal hərəkatına kömək etməkdi. Xəyanət niyyəti olmadığı halda feilən məmləkət xainlərinin içərisində yer almışdı. Bizcə, bu xəyanətin əsl səbəbi Sovet siyasətinin əsl xarakterini və hədəflərini bilməməkdi. Hacınski sol bir hökumətin idarəçiliyi altında Azərbaycanın istiqlalını qoruya, eyni zamanda Anadoluya yardım edə biləcəyi ümidində idi. Hadisələrin istiqlaldan sonrakı gedişatını əvvəlcədən görə bilsəydi, şübhəsiz, belə bir təhlükəli yola girməzdi”.

Məhəmmədzadəyə görə, istilanın qarşısını almaq məqsədiylə bütün çarələrə baş vurduqdan sonra parlament məcbur qalaraq Hacınskinin planına razı olub, ona sol partiyaların da iştirakı ilə koalisiya hökuməti təklif edib: “Amma hər halda sol partiyaların, xüsusilə bolşeviklərdən aldığı mənfi cavablar nəticəsində Hacınski heç bir vaxt belə təşəbbüsə keçmədi. Çünki bolşeviklərin istəyi iqtidarın təslimi idi... Yaxşı bir mühəndis olduğu üçün istiladan sonrakı ilk illərdə ona Sovet iqtisadi təşəkküllərində yüksək mövqeyə gətirilmişdi. Lakin sonradan yavaş-yavaş onu uzaqlaşdırmağa başladılar. Məhz bu dövrlərdə mərhum Məhəmmədəmin Rəsulzadə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” adlı kitabında Hacınskiyə “Azərbaycanın Mefistofeli” adını vermişdi. Çox dəqiq tapıntı olan bu ad Hacınskinin əsəblərini pozmuşdu. Mənfi fəaliyyətinin qorxunc nəticələrini bu dəfə öz gözü ilə gördüyü üçün Hacınski məyus idi. O ərəfələrdə mərhum dostumuz Rəhim Vəkilli təlimatımız əsasında onunla təmas qurmuşdu. Hacınski onunla xüsusi söhbətində Məhəmmədəmin bəyin qoyduğu ağır ada görə üzüldüyünü və heç bir zaman məmləkətinə xəyanət etmək qəsdində olmadığını söyləyərək dərin peşmanlıq hiss etdiyini bildirmişdi. Hacınski, həqiqətən, intihar etdi, yoxsa öldürüldümü? Bunu bilmirik. Amma hər halda feilən həyata keçirdiyi vətənə xəyanətin gözlənilən cəzasını o da digərləri kimi məhz bolşeviklərin əli ilə gördü”.

Qeyd edək ki, Rəsulzadə həmin əsərində Hacınskini Mefistofel deyil, partiyasına xəyanət edərək bolşeviklərin tərəfinə keçdiyi üçün “mürtəd” adlandırıb.

Bəzi tədqiqatlara görə, Hacınskinin ölümündə Beriyanın xüsusi rolu olub. Tədqiqatçı Aydın Dadaşov yazır: “Tiflisdə Piroqov küçəsindəki səkkiz saylı binanın ikinci mərtəbəsində Hacınskilər ailəsi, üçüncüdə isə Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi Lavrenti Beriya (1899-1953) və 1902-1905-ci illərdə Bakıda “Nina” bolşevik mətbəəsində çalışmış Vano ləqəbli İvan Fyodoroviç Sturua yaşayırdı. Uşaqların Vano dayı çağırdığı komissar Sturua ilə köhnə münasibəti olan Məhəmmədhəsən Hacınski “Necə tale məni bu yaramazla bir evə salmışdır” deyə dəfələrlə qonşusu Lavrenti Beriyaya gizli nifrətini bildirirmiş... 3 dekabr 1930-cu ildə gecə yaşadığı Maçabeli (keçmiş Serqievski) küçəsindəki 15 saylı evindəki mənzilində axtarış olunduqdan sonra həbs edilən M.Hacınski diş tozu, şotka, sabun, dəsmal və Səadət xanımın qızların cehizindən çıxardığı qatı açılmamış mələfəni kiçik çemodanına qoyub həmişəlik gedir. Dövlət Təhlükəsizlik Nazirliyinin arxivindəki P.S.75525 saylı qovluqdakı 233 nömrəli orderi EKO rəisi Tatyan imzalamış, AKQPU-nun sədr müavini L.Beriya isə təsdiq etmişdir”.

Beriyanın Hacınskiyə olan düşmən münasibətinin səbəbinə gəlincə, Hacınskinin qızı bunu belə xatırlayıb: “Atam tutduğu vəzifəsi ilə əlaqədar Bakıdan Tiflisə köçəndə iş elə gətirmişdi ki, biz L.Beriya ilə bir binada yaşayırdıq. Bizim ailəmiz birinci, onun ailəsi isə ikinci mərtəbədə yaşayırdı. Tiflisdə atamın layihəsi üzrə “Zarya Vostoka” qəzeti üçün bina tikilmişdi. Bina Beriyanın “xoşuna gəlməmişdi” və o, iclaslardan birində bunu “burjua üslubunda” tikili adlandırıb atamı günahlandırmışdı. Onda atam elə birbaşa qəzetdə Beriyaya kəskin cavab yazmışdı. Bununla da hər şey qurtardı. Vəziyyət dözülməz xarakter aldı. Atam Beriya ilə hətta evin girəcəyində görüşmək belə istəmirdi. Və biz Beriya yaşayan binadan başqa binaya köçdük. Beriya ilə münaqişə ailəmiz üçün faciəli nəticəyə gətirib çıxardı. Atamın taleyi bir növ “nişanlanmışdı”. 1930-cu ilin sonunda atamı birbaşa evdən götürdülər”.

Beriyanın göstərişi ilə həbs olunan M.Hacınski 1931-ci il martın 8-də Tiflis həbsxanasında həlak olub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər