23 İyun 2021 15:02
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən çox idi ki, pandemiya ilə mübarizə apardığımız üçün ölkədə şənliklərin keçirilməsinə icazə verilmirdi. Dövlətimiz sağ olsun, bu işi səmərəli təşkil etdi, düzgün siyasət həyata keçirdi, insanların sağlamlığını qorudu. Bu gün digər ölkələrdən fərqli olaraq daha çevik addımlar ata bilirik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda şənliklərin və mərasimlərin keçirilməsinə xüsusi qaydalar çərçivəsində icazə verilməsi bir daha onu göstərir ki, pandemiya ilə mübarizədə doğru addımlar atılıb:

“Yeni qərara əsasən 50-150 nəfər arasında toy şənliklərinin keçirilməsinə icazə verilir. Məclis təşkil edən şadlıq evlərinin sahibi icaze.egov.az portalında qeydiyyatdan keçəcək. Daha sonra şənlik yiyəsi ilə müqavilə bağlanacaq və məsuliyyəti bölüşüləcək. Aidiyyəti qurumlar tərəfindən yoxlamalar keçirilən zaman qaydaları pozanlar, COVID pasportu olmayanlar qanunla məsuliyyətə cəlb ediləcək, eyni zamanda məkan sahibi qaydalara riayət etmirsə, cərimələnəcək. 50 nəfərə qədər kiçik şənliklərdə COVID pasportu tələb edilmir”.

Naqif Həmzəyevin fikrincə, növbəti mərhələdə məsuliyyət vətəndaşların üzərinə düşür: “Əsas məsələ sağlamlığın qorunmasıdır. Qaydalara riayət etməyə borcluyuq, belə davam etsək, gələn aydan etibarən bəlkə digər məhdudiyyətlər də aradan qaldırılacaq.

Əlamətdar günləri yaşayırıq, Avro 2020-nin 3 oyununu geridə qoyduq və oyunlardan sonra COVID-ə yoluxmada artımın qeydə alınmadığını gördük. Bu isə prosesi daha da sürətləndirdi və biz iyulun 1-dən toy şənlikləri keçirə biləcəyik. İstənilən halda normal həyata qayıtmaq üçün yeganə çıxış yolumuz vaksinasiyadır.

Biz vaksini gecikdirməməliyik. İsti aylarda risk yoxdur, hesab edirəm ki, həm şənliklərdə rahat iştirak etmək, həm xaricə səfər etmək üçün bu, vacibdir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər