Yeni Azərbaycan Partiyasının son qurultayından sonra partiyanın struktur və təşkilatlarında dəyişikliklər həyata keçirilib. Dəyişikliklərə əsasən, artıq YAP-da iki millət vəkilinin təşkilat sədri kimi fəaliyyətinə xitam verilib. Beləliklə, YAP Nəsimi rayon təşkilatının sonuncu rayon konfrasında təşkilata sədrlik edən millət vəkili Məlahət İbrahimqızı vəzifədən uzaqlaşdırılıb. Eyni zamanda YAP Qaradağ rayon təşkilatının sonuncu rayon konfransında deputat Aydın Hüseynovun da təşkilatın sədri kimi fəaliyyətinə son qoyulub.
Fəaliyyətinə son qoyulan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Teleqraf.com-a yeni dəyişikliklər haqqında danışıb:
"YAP-ın 7-ci qurultayı keçirildi və bu qurultayda nizamnaməmizə dəyişiklik olundu. Bu nizamnaməyə uyğun olaraq rayon təşkilatlarında konfranslar keçirilir. Konfransda seçili orqanların fəaliyyəti nizamnaməyə uyğun şəkildə qurulur.
Hazırkı sədrlər növbəti sədr təyinatına qədər vəzifəsini icra edir. Növbəti sədr vəzifəsi isə idarə heyətində həll olunur. İdarə heyətində sədr təyinatı olana qədər biz vəzifəmizi icra edəcəyik".