1 İyul 2021 08:44
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzində Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbinin 3 aylıq kurslarını bitirən əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb.

Teleqraf.com-un əməkdaşları sərgi ilə tanış olmaq üçün mərkəzə yollanıblar.

İnklüziv İncəsənət Məktəbi nəinki Azərbaycanda, dünyada ilk belə məktəbdir. Məktəbdə fiziki məhdudiyyəti olan şəxslərin maraq dairəsinə uyğun olaraq rəsm, ağacdan oyma və toxuculuq dərsləri keçirilir. Tədris mərkəzi 2019-cu ilin noyabr ayında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayıb. Lakin pandemiya səbəbilə dərslər onlayn keçirilib. 2021-ci ilin aprelində isə ölkə başçısının dəstəyi ilə məktəbin açılışı baş tutub.

Sərginin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Birinci vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə və BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti, həmçinin tələbələr, valideynlər, müəllimlər iştirak ediblər.

Layihənin rəhbəri Könül İsmayılova bizimlə təəssüratlarını bölüşən zaman bildirdi ki, bu, onun çoxdankı arzusu olub: “Özüm Rəssamlıq və mədəniyyət akademiyasını bitirmişəm. Çox istəyirdim ki, belə bir məktəbdə oxuyum, sağlam və fiziki məhdudiyyətli şəxslər bir arada ola bilsinlər. Bu istəyimə nail oldum. Mehriban xanım Əliyevaya mənə dəstək olduğu üçün təşəkkür edirəm”.

İnklüziv İncəsənət Məktəbi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu tərəfindən birgə icra olunur.

İnklüziv İncəsənət Məktəbindən artıq 26 tələbə məzun olub. Məktəbin məzunu olan Ramin Binnətov ağacoyma üzrə dərslərə qoşulub. Deyir ki, gələcəkdə də bu sahəni davam etdirmək istəyir: “Ağacoyma dərsləri mənim üçün bir sənət, gərginlikdən azadolma prosesidir. Bu, mənə pozitiv hisslər verir, gözəl məkanın kollektivi sayəsində sosiallaşma imkanımız daha da artır. Son zamanlar cəmiyyətimizdə əlilliyi olan şəxslərə diqqət və qayğı artır. Sevindirici haldır ki, belə imkanlar yaradılır. Ağacoyma sahəsi çox maraqlı sahədir. Mən bu sahə üzrə gələcəkdə öz işimi qurmağı planlayıram. Son dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası təqdirəlayiqdir. Düşünürəm ki, müsbətə doğru xeyli işlər görülür və bu gələcəkdə inklüziv cəmiyyətin qurulması üçün xeyli rol oynayacaq”.

Züleyxa Eyvazova isə həm rəsm çəkir, həm də muncuqdan əl işləri hazırlayır: “Tanışımız bizə belə layihə olduğunu söylədi. Daha əvvəl də belə işlərlə məşğul olmuşam. Çox sevirəm bu işi. Əl işlərini davam etdirməyi düşünürəm”.

Turac Babayeva isə fiziki məhdudiyyəti olan insanlar üçün proyektlər hazırlamağı planlayır. İki ali təhsil alan Turac həm tikiş işləri ilə məşğuldur, həm də toxuculuq: “3 aydır ki, bu mərkəzdəyəm. Burada müxtəlif növ gül dibçəklərinin hazırlanması, çantalar, ev əşyalarının, stolüstü süfrələrin, tutqacların hazırlanmasını həyata keçiririk. Özüm xovlu tikmə ustasıyam. İşləmək arzusundayam. Gələcək üçün məqsədlərimdən biri fiziki məhdudiyyətli şəxslər üçün psixoloji mərkəz açmaq istəyirəm. Uşaqlıqda mənə psixoloji dəstək olmadığı üçün, fiziki məhduddiyyətli uşaqlara bu mərkəzdə həm psixoloji xidmət göstərim, həm də peşə təlimləri keçirilsin”.

Qeyd edək ki, daha iki gün - 1-2 iyul saat 11:00-dan 16:00-dək olmaqla davam edəcək sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş olunur. Sərgidə nümayiş olunan əsərlərin satışı da nəzərdə tutulub və satışdan toplanan vəsait birbaşa olaraq məktəbin tələbələrinə təqdim ediləcək. Nümayiş olunan əl işləri ilə Bacarıqların İnkişafı və Tədris üzrə Virtual Laboratoriya (V-Lab) www.vlaboratoriya.sosial.gov.az platformasındakı elektron kataloq vasitəsilə də tanış olmaq mümkündür.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər