İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.
19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Qeyd edək ki, 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62 242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59 171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59 153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər.