Pandemiyaya qarşı görülən təsirli tədbirlər nəticəsində yoluxmada və ölüm halında əhəmiyyətli dərəcədə azalma müşahidə olunurdu. Buna baxmayaraq ümumbəşəri bəla olan koronavirus müxtəlif formalarda mutasiyaya uğrayaraq insanların həyatı üçün təhlükə mənbəyi olaraq geri dönür. Koronavirusun yeni dalğasının, xüsusilə “Delta” ştamının qonşu ölkələrdə yayılması Azərbaycanda da təsirli addımların atılmasını məqbul edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, ölkəmizdə virusun yayıldığı ilk dövrdən dövlət vətəndaşların təhlükəsizliyini, sağlamlığını qorumaq üçün zəruri addımlar atıb: “Kütləvi yoluxmanın qarşısını almaq üçün bir sıra məhdudiyətlər tətbiq edildi. Bu addımlar insanların kütləvi yoluxmasının, xəstəxanaların yükünün azaldılması ilə yanaşı ölüm hallarına da təsir etdi. Səhiyyə sahəsində görülən tədbirlər, mövcud çarpayı sayının çoxaldılması, tibbi maska istehsalı və digər zəruri tibbi ləvazimatların təminatı məsələləri də qısa zamanda həll olundu”.
Deputat bildirib ki, virusdan qorunmaq üçün maska, sosial məsafə və gigiyenik qaydalar bir müddət də başlıca şərt kimi götürülməlidir: “Sözsüz ki, virusa qarşı ən təsirli vasitə vaksinasiyadır. Azərbaycan o ölkələrəndəndir ki, virusa qarşı təsirli vaksinin ilk dövriyyəsində onun ölkəmizə gətirilməsinıə nail olub. Bu dövlətin vətəndaşa, onun sağlamlığına, təhlükəsizliyinə verdiyi mühüm önəmdir. Ölkəmizdə ötən ildən başlayan vaksinasiya prosesi artıq bəlli bir mərhələyə çatıb. Müxtəlif yaş kateqoriyaları üzrə vaksinasiya prosesi başa çatdıqdan sonra uşaqlar istisna olmaqla ölkə vətəndaşlarının vaksinasiyaya cəlb edilməsi üçün təşviqedici addımlar atılır. Amma təəssüflə qeyd etməliyik ki, vaksinasiya ilə bağlı azuolunmaz informasiyaların bir çox hallarda tirajlanması insanların bu prosesə bir qədər inamsız yanaşmasına səbəb olur”.
Cavid Osmanova görə, virusa qarşı hazırda ən effektiv mübarizə üsulu vaksinasiyadır: “İnsanlarımız vaksinasiyada maraqlı olmaqla öz ətraflarını, sağlamlıqlarını, cəmiyyəti qorumuş olurlar. Sözsüz ki, son zamanlar pandemiya qaydalarında epidemioloji vəziyyətə görə tətbiq edilmiş qadağaların bir çoxunun ləğv edilməsi yenidən yoluxma sayının arzuolunmaz səviyyəyə çatmasına şərait yaradıb. Bu, öz növbəsində zəruri önləyici addımların atılmasını məqbul edir. Məhz bu baxımdan insan sağlamlığı, kütləvi yoluxma hallarının qarşısını almaq üçün yenidən sərt qaydaların olması da gündəmə gələ bilər. Bu halların təkrar olunması sözsüz ki, heç də məqbul variant deyil. Amma insanlarımız da virusa qarşı ən effektiv təsirli vasitə olan vaksinasiya prosesində fəal olmalı, kütləvi yerlərdən bir qədər uzaq durmalı, gigiyenik tələblərə əməl etməlidir”.