Niderland Krallığında yaşayan soydaşlarımız və diaspor təşkilatları ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən xəbərə görə,Rotterdamda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresində (BAK) və Haaqada yerləşən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyində görüşlər keçirilib.
Görüşlərdə bu ölkədəki azərbaycanlı icmanın üzvləri iştirak edib.
Benilüks Azərbaycanlıları Konqresindəki toplantını giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq işlərindən danışıb, pandemiya ilə bağlı məhdudiyyət mərhələsində, Tovuz hadisələri və Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının xüsusi fəallıq göstərdiyini qeyd edib. BAK-ın göstərdiyi fədakar fəaliyyətə görə minnətdarlığını bildirən Komitə sədri indiyədək həyata keçirilmiş və gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələr, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, Azərbaycanın Birinci vitse-presidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəblərinin, “Qarabağ” idman klublarının və “Qarabağ” rəqs dərnəklərinin fəaliyyəti barədə ətraflı danışıb.
BAK sədri Elsevər Məmmədov çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Diaspor üzvlərinin tarixi Vətənlərində daha yaxından tanıdılması məqsədilə Dövlət Komitəsinin maraqlı layihələr həyata keçirməsindən, Diaspor TV, Dispor FM radiosunun və diaspor.gov.az saytının diaspor təşkilatlarının fəaliyyətini geniş və çevik şəkildə işıqlandırmasından məmnunluğunu vurğulayıb.
Sonra BAK-ın fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib və qurum üzvləri çıxış ediblər. Niderlanddakı diaspor fəallarının “Diaspor fəaliyyətində xidmətə görə” medal və təşəkkürnamələrlə təltif olunmasına görə Azərbaycan dövlətinə təşəkkür bildirilıb.
Hollanda–Azərbaycan Türk Kültür Dərnəyində keçirilən görüşdə dərnəyin gerçəkləşdirdiyi layihələri, türk diasporu ilə əməkdaşlığını, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı həyata keçirmək istədikləri təxribatlara çevik reaksiyasını müsbət qiymətləndirən Komitə sədri Niderlandın ictimai-siyasi həyatında fəal olmağın, ictimai rəyə təsir etmək gücünə malik dairələrlə və KİV-lərlə əlaqələr qurulmasının vacibliyindən danışıb.
Hər iki görüşdə qeyd olunub ki, qalib xalqın diasporunun qarşısında yeni vəzifələr durur və bu gün daha başqa hədəflərimiz var. Qeyd olunub ki, indi xaricdə yaşayan gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması çox mühümdür və bizi birləşdirən dəyərlərimizdir.
Görüş iştirakçıları müxtəlif məsələlərlə bağlı fikirlərini söyləyib, yeni layihələrlə əlaqədar təkliflərini irəli sürüblər.