Teatrların fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarından sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da müəyyən hazırlıq işlərinə başlanılıb. Artıq oktyabrın 15-dən etibarən teatr öz tamaşalarını teatrsevərlərə təqdim edəcək.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, teatr builki mövsümü Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı və İlgiz Zəyniyevin “Varislər” əsəri əsasında hazırladığı eyniadlı tamaşaları ilə açacaq. “Varislər” tamaşasının rejissoru Bəhram Osmanov, “Tıq-tıq xanım” tamaşasının rejissoru isə Ağaxan Salmanlıdır.
Bildirilib ki, teatrın böyük səhnəsi təmirdə olduğu üçün tamaşalar Abdulla Şaiq adına Kukla Teatrı və Rəşid Behbudov adına Mahnı Teatrın səhnələrində təqdim olunacaq. Tamaşaçılar biletləri əldə edərkən tamaşanın hansı zalda göstəriləcəyi barədə məlumatı qeyd şəkilində görə biləcəklər.
Teatrın kiçik zalında isə ay ərzində Tamara Vəliyevanın “Cəza” və Pərvin Nurəliyevanın “Mən öləndə, ağlama” monotamaşaları təqdim olunacaq.