Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Moskvada Ekspertiza İnstitutlarında həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.
Onun sözlərinə, ekspertizanın bir hissəsinin nəticələri olub: “Ekspertiza işləri davam etməkdədir. Burada çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda olmadığına görə, işlər vaxt aparır. Uyğun olaraq digər qohumlar tapılmalı, onlardan nümunələr götürülməlidir. Burada minlərlə insan həyatından söhbətgedir. İşin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var.
Təəssüf ki, Vətən müharibəsində bir sıra hallarda müəyyən qeydə almalar düzgün şəkildə icra olunmayıb. Bu səbəbdən II Qarabağ müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Naziriyi, Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çox saylı işlər aparılıb”.
“3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edib, yaxınlarına təhvil verək” – deyə Xanlar Vəliyev əlavə edib.