26 Noyabr 2021 09:05
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin oktyabrın 25-də Qubadlı şəhəri və ətraf kəndlər müzəffər ordumuz tərəfindən düşmən işğalından azad olub. Düz bir il bir aydır ki, Qubadlı 28 ildən sonra azad günlərini yaşayır.

Bu günlərdə Müfafiə Nazirliyinin təşkilatçılığı ilə Teleqraf.com-un əməkdaşı olaraq Qubadlı şəhərinə yollandıq və orada aparılan quruculuq işləri ilə tanış olduq.

Qeyd etmək yerinə düşər ki, Qubadlının işğaldan azad olunması ətraf ərazilərimizin də düşməndən təmizlənməsinə yol açan səbəblərdən biri idi. Qubadlının işğaldan azad olunması bizə Laçın istiqamətində irəliləmək üçün böyük imkanlar qazandırdı. Qubadlı qələbəsindən sonra şanlı ordumuz Laçın rayonuna daxil oldu və adıçəkilən rayonunun bir neçə kəndini işğaldan azad etdi.

Vətən müharibəsində şəhər və kəndlərimizin azad edilməsində xidmətləri olan hərbiçilərimiz var. Bunlardan biri də Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin hərbi qulluqçusu Əli Həsənovdur.

Əli Həsənov deyir ki, 2017-ci ildə ordu sıralarına daxil olub. O, döyüşləri səbirsizliklə gözlədiyini bildirir: “Mən bir qarabağlı kimi bu günü gözləyirdim. Özüm də bu torpaqlarda, Cəbrayıl rayonunda doğulmuşam. 3 yaşında məcburi köçkün düşmüşəm. Müharibə başlayanda artıq mənim 30 yaşım var idi. Sentyabrın 27-də cənab Ali Baş Komandanın göstərişinə uyğun əks-hücum əməliyyatına başladıq. Bu müharibəni böyük uğurla qazandıq”.

Əli Həsənov deyir ki, döyüşlərə Füzuli rayonundan başlayıb: “Gecə saat 2-3 radələrində Cəbrayıla girdik. Döyüşə-döyüşə Qubadlıya çatdıq. Qubadlını işğaldan azad etdikdən sonra Laçın rayonuna keçdik. Ordumuzun şücaəti hesabına düşmən geri oturdu. Bütün əməliyyatları sürətlə həyata keçirirdik. Çünki bu yerlərə uzun illərin həsrəti vardı...”

Əli Həsənovun sözlərinə görə, Vətən Müharibəsi həm çətin, həm də şərəfli olub: “Döyüşlər bizə şərəf gətirdi. Uzun illər idi, torpaqlarımızı azd edəcəyimiz günü gözləyirdik. Bu döyüşlər mənə böyük qürur verirdi.

Müharibədə yaxın dostlarım şəhid oldu, yaralandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz əsgərik, bizim üçün çətin bir iş yoxdur. Qürur duydum ki, bu torparların azad olunmasında iştirak etdim. Ali Baş Komandanın komandanlığı altında ərazi bötüblüyümüzü bərpa etdik”.

Əli Həsənov Füzuli, Cəbrayıl, Qabadlı və Laçın istiqamətində döyüşüb: “Cənab Ali Baş komandanın qoyduğu döyüş taktikası nəticələrinə uyğun olaraq düşmənə qarşı vuruşduq. Müasir texnikalarımızla həmlə qurduq, düşməni məğlub etdik”.

Həmsöhbətimiz Vətən müharibəsində göstərdiyi xidmətlə bağlı Qubadlı, Xocavənd, Cəbrayıl, Füzulinin işğaldan azad olunması medalları ilə təltif olunub. O, hazırda xidmətini davam etdirir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər