Dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair 1-3 dekabr 2021-ci il tarixlərində aparılmış danışıqların nəticəsinə dair Razılaşma Protokolu imzalanıb.
Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, protokolu Türkiyə tərəfindən Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Azərbaycan tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli imzalayıblar.
Qeyd edək ki, razılaşmaya əsasən Türkiyə tərəfi Azərbaycana dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ildə quraşdırılması nəzərdə tutulur.
Bundan başqa, qardaş ölkə Qarabağda seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərə dair seysmik stansiya məlumatlarının mübadiləsi sahəsində Azərbaycana dəstək verəcək.