3 Dekabr 2021 15:24
207

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası”nın rəhbəri, “Antik dövr arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə 25 oktyabr - 23 noyabr 2021-ci il tarixlərində Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına məxsus xristian abidəsi ətrafında arxeoloji tədqiqat işləri davam etdirilib.

Teleqraf.com-a verilən məlumata görə, arxeoloji tədqiqatlarda əsas məqsəd Tülü kilsəsi ətrafında məskunlaşma tarixinin maddi mədəniyyət nümunələri əsasında müəyyən edilməsi olub.

İlkin olaraq arxeoloji tədqiqatlara Tülü kilsəsindən 10 metr şimala, 150 m2 sahədə yoxlama qazıntısı ilə başlanılıb. Arxeoloji tədqiqatların nəticəsində 50 sm dərinlikdə yeni tikili qalıqları qeydə alınıb. Qeydə alınan tikili qalıqlarının təyinatının müəyyən edilməsi üçün qazıntı sahəsi genişləndirilib və çaydaşı və kirəc məhlulundan istifadə olunmaqla 1,40 sm enində olan divarlar tədqiq edilib. Düzbucaqlı olması ehtimal olunan ictimai binanın şimal-qərb və şimal-şərq divarlarının bir qismi 50-90 sm dərinlikdə izlənilib.

Arxeoloji tədqiqatlar zamanı əsasən ilk orta əsrlər üçün xarakterik kərpic və kirəmit fraqmentlərinin kütləvi şəkildə aşkarlanması, ərazidə ictimai bina kompleksinin varlığı üçün əsas əlamət hesab olunub. Burada qeydə alınan kirəmit və kərpic nümunələrindən Tülü kilsə kompleksində tədqiq olunan və inşası IX-X əsrlərə aid edilən birnefli (bir zallı) kilsənin divar və üst örtüyündə istifadəsi ötən tədqiqat mövsümündə qeydə alınmışdı.

Qeyd edək ki, 2017-2021-ci il tədqiqat dövrlərində Tülü kompleksində aparılan arxeoloji tədqiqatlar nəticəsində memarlıq xüsusiyyətləri nəzərə alınmaqla V-VI əsrlərə aid üçnefli kilsə (üç zallı), onun qalıqları üzərində IX-X əsrlərə aid birnefli kilsə (bir zallı) və birnefli kilsənin şimal və qərb girişində inşa olunan X-XII əsrlərə aid narteks (aynabəndlərdə) arxeoloji tədqiqatlar yekunlaşdırılıb.

Ümümilikdə tədqiqatlar nəticəsində Tülü kilsəsi ətrafında dəmir, antik və ilk orta əsrlərə aid çoxlu sayda maddi mədəniyyət nümunələri qeydə alınıb və ərazinin çoxtəbəqəli yaşayış yeri olması fikri öz təsdiqini tapıb. Bunlara müxtəlif təyinatlı daş alətlər, dəmir dövrü, antik və ilk orta əsrlərə xarakterik keramika, tunc, şüşə və pastadan hazırlanan bəzək əşyaları və s. daxildir.

Gələcəkdə qeyd olunan yaşayış yerində orta əsr, antik və dəmir dövrünə aid mövcud mədəni təbəqələrin mərhələli şəkildə araşdırılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com