Xəbər verdiyimiz kimi Azərbaycanın hörmətli ziyalılarından biri olan ictimai-siyasi xadim, şair Qənbər Şəmşiroğli vəfat edib.
Teleqraf.com xəbər verir ki, mərhumun Kəlbəcərin sabiq millət vəkili olan oğlu Cavid Qurbanovun atasının vəfatı ilə bağlı ona başsağlığı verənlərə təşəkkür edib. Sabiq deputatın qeydlərini təqdim edirik:
“Əziz və dəyərli yurddaşlarım!
Ata itkisinin kədərini yaşadığımız bu günlərdə mənə və ailəmə verdiyiniz təsəlliyə, göstərdiyiniz diqqət və ehtirama görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Atam – Dədə Şəmşirin yadigarı Qənbər müəllim gəncliyindən ömrünün ahıl çağlarına qədər yüksək vəzifələrdə çalışıb. O, müxtəlif dövlət və rəhbər vəzifələrdə çalışsada, hansı vəzifədə olmağından asılı olmayaraq, insanların yaddaşında, ürəyində bir müəllim, maarifçi, pedaqoq, xeyirxah və müdrik el adamı kimi qaldı. Bu illər ərzində onun qəlbi həmişə xalqı, eli-obası ilə birgə döyünüb. Heç zaman el-obadan ayrılmayıb, övladlarına da hər zaman bu mənəvi keyfiyyətləri aşılayıb. Atam dövlət işlərində çalışmaqla bərabər ailəmizdən gələn ənənəyə sadiq qalaraq bədii yaradıcılıqla da məşğul olurdu. Xalqımıza çoxlu əsərləri yadigar qaldı. Onun əsərləri xalqa bağlılığı ifadə edir. Atam bir şeirində deyirdi: Elin köməyilə çörəklənmişəm, Dirçəlib, dirçəlib zirəklənmişəm. Bu misralar atamın elinə-obasına bağlılığının poetik inikasıdır.
Şükürlər olsun ki, atam ömrünün sonlarında Qarabağımızın, doğulduğu Kəlbəcərin azadlığını gördü. Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin şahidi oldu. Ona görə əminəm ki, atamın ruhu şaddır.
Bir daha bu günlərdə kədərimizə şərik olan hər kəsə öz adımdan və ailəmiz adından hörmət və ehtiramımı bildirir, Sizin də dünyadan köçən doğmalarınıza Uca Allahdan rəhmət, qalanlarınıza isə can sağlığı diləyirəm.
Hörmətlə,
Cavid Qənbər oğlu Qurbanov