“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb və təsdiq edilib.
Tədbirlər planına üyğun olaraq Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ana və uşaq sağlamlığının qorunması sahəsində çalışan həkimlərə uşaqlar arasında geniş yayılmış xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün təlimlər keçirir. Bu təlimlərə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər də qatılırlar. Mütəmadi davam edən təlimlər çərçivəsində institut 18-19 noyabr 2014-cü il tarixində “Uşaqlar arasında geniş yayılmış xəstəliklər” mövzusunda elmi-praktiki konfrans keçirib. Konfransda çıxış edən institutun rektoru Nazim Qasımov ölkəmizdə son illərdə uşaqların sağlamlığının qorunması üçün daha yüksək səviyəli işlər və tədbirlər aparıldığını qeyd edib. Onun sözlərinə görə, uşaq xəstəliklərinin erkən diaqnostikası daha mühüm yer tutur və uşaqların icbari dispanserizasiyadan keçirilməsi Dövlət Proqramı səviyyəsində olması əhəmiyyətini əks edir.
Konfransın birinci günü Avstriya Respublikasını təmsil edən professor Dieter Kollerin “Uşaqlarda allergik xəstəliklər: diaqnostika və müalicə” və “Pediatrik allerqologiyanın əsasları” mövzusunda məruzə edib. Ölkənin baş pediatrı Nəsib Quliyev “Azərbaycanda uşaqlara tibbi xidmətin problemləri və perspektivləri”, professor İbrahim İsayev “Anadangəmə ürək qüsurların prenatal diaqnostikası və profilaktikası”, professor Aslan Həsənovun “Azərbaycanda uşaq əhalisi arasında nevroloji xəstəliklərin yayılmasının öyrənilməsi”, professor Surxay Musayev “Uşaqlarda sistem qurdeşənəyinin müalicəsində kiçik dozalarda immunoterapiyanın effektliyi” və Azər Fərəcin “Exokardioqrafiya və genetika” mövzusunda çıxışları dinlənilib.
Konfransın ikinci günü professor Dieter Kollerin “Uşaqlarda infeksion xəstəliklərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi. Banal infeksiyaların müalicəsi”, İngiltərəli mütəxəssis doktor Andreas Petropolusun “Uşaqlarda ən çox yayılmış anadangəlmə ürək qüsurları” və “Uşaq yaşlarında ən çox yayılmış ürək damar sisteminin xəstəlikləri”, professor Lalə Allahverdiyevanın “Naxçıvanın “Duzdağ Mağara”sında uşaqlarda bronxial astmanın qeyri-dərman müalicəsi”, dosent Səadət Hüseynovanın ”Vaxtından əvvəl doğulmuş uşaqlarda hipoksik-işemik ensefalopatiyaların ağrılıq dərəcəsinin qiymətləndirilməsinə müasir yanaşmalar”, dosent Sənubər Vəliyevanın “Azərbaycanda uşaqlarda raxit və D hipovitaminozunun yayılması”, dosent Rəqsanə Məmmədovanın ”Uşaqlarda bronxoobstruktiv sindrom” mövzusunda məruzələri dinlənilib.
Bundan başqa Mərkəzi Neftçilər xəstəxanasının anesteziologiya və kardioloji reanimatologiya şöbəsinin müdiri professor Ermann Massa da “ Multirezistent qramm müsbət endokarditlərin müalicəsi” mövzusunda məruzəsi ilə konfransa qatılıb.
Naibə QURBANOVA