2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “hörümçək” sözünün çıxarılmasına görə texniki məsələlərə məsul olan şəxslər İsmayıl Məmmədli və Nəriman Seyidəliyevdir.
Bunu kitabın elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu deyib.
Elmlər doktoru, professor İsmayıl Məmmədli Teleqraf.com-a bildirib ki, lüğətin siqnal variantında “hörümçək” sözü olub.
O qeyd edib ki, lüğət nəşrə gedəndə mətbəədə kitabı çap edənlər səhvə yol verib: “Görünür, səhifədə düzəlişlər edəndə bir söz yaddan çıxıb. Redaktorun sözünü tərtibçi çıxarmır, sadəcə yaddan çıxıb, bu, texniki səhvdir. Hər adam səhv edə bilər. Texniki işçinin də səhvi olur. Burada nə redaktorun, nə tərtibçin səhvi var. Son variantda 308-ci səhifədə “hörümçək” sözü var”.
İsmayıl Məmmədli çıxış yolunu kitabın yenidən nəşr olunmasında görür: “Səhvin aradan qaldırılması üçün gərək lüğət təkrar nəşr olunsun. Ola bilər, orada başqa-başqa səhvlər də tapılsın. Yeni nəşrdə hamısını düzəldəcəyik.
Lüğət kitabı təxminən 200-300 tirajla çap olunub. Bu kitab heç çox adama çatmayıb. Təkrar nəşrdə bu səhvləri nəzərə alacağıq. Kitabların nəşrinə nə qədər xərclənməsi barədə məlumatsızam. Bu işlərə maliyyə şöbəsi baxır. İddia olunduğu kimi, kitabların nəşrinə çox vəsait xərclənməyib. Bu 200-300 kitabın çapına nə qədər vəsait xərclənəsidir ki?! Gedib mətbəə işçilərinin maaşından tutası deyilik ki... Bir səhv gedib, bunlar da düzələr”.