Azərbaycan Dillər Universiteti və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan Yaradıcılıq fakültəsinin dekanı tanınmış yazıçı Mübariz Örən Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Mübariz bəy, ilk olaraq təyinat prosesi ilə bağlı məlumat almaq istərdik. Sayca heç də az olmayan namizədlərin içərisindən sizin seçilmə səbəbləriniz nələrdir?
- Namizədlərin sayı ilə bağlı təbii ki, məlumatım yoxdur. Öncəliklə onu qeyd etmək istərdim ki, Yaradıcılıq fakültəsi Azərbaycan Dillər Universitetinin rektoru olan Kamal Abdullanın ideyası ilə yaradılıb, 2007-ci ildən fəaliyyətdədir. Əvvəlcə Bakı Slavyan Universitetində fəaliyyətə başlayan fakültə bir müddətlik fasilədən sonra ADU-da öz varlığını davam etdirməyə başladı. Pandemiya səbəbi ilə yenidən fasilə götürmək məcburiyyətində qalan fakültə, nəhayət, işini davam etdirəcək.
Namizəd seçimlərinə gəlincə, mənə zəng vasitəsi ilə bu layihə barədə məlumat verildi və mən də bu layihə üçün nələrisə yaradıb qura biləcəyimi düşünərək təklifi qəbul etdim.
- Texniki sahə üzrə təhsil almış biri kimi ədəbiyyata gəlişiniz barədə nələr deyə bilərsiniz?
- Deyə bilərəm ki, ədəbiyyat insanın içində olur. On beş il Rusiyada yaşadım, amma ədəbiyyat havası bir an belə məni tərk etmədi. Ümumiyyətlə, ədəbiyyat elə məfhumdur ki, hara gedirsən, o da səninlə gəlir. Mən texniki sahə üzrə təhsil almışam, ancaq daha sonra yazı həvəsi ilə povestlər, romanlar, hekayələr yazmışam. Hər halda ədəbiyyatın içindəyəm, mən bunu istəsəm də, istəməsəm də...
- Qeyd etdiniz ki, uzun müddət Bakıda olmamısınız, bəs bu sizin ədəbiyyat karyeranıza necə təsir göstərdi?
- Ümumi desək, ədəbiyyat karyerası qurmaq üçün yaxşı mətnlər yazmağı bacarmalısan. Əgər bütün kriteriyalara cavab verən səviyyədə mətnlər yazıb yarada bilirsənsə, deməli, sən varsan. Əks halda təhsil aldığın sahədən və ayaq basdığın ünvandan asılı olmayaraq sən ədəbiyyatda yoxsan. Əsas odur ki ədəbiyyat səndə, sən də ədəbiyyatdasan...
- Müsahibəmizə yenidən fəaliyyətə başlamış “Yaradıcılıq fakültəsi” ilə bağlı olan suallarımızla davam edək. Nə üçün təhsil ocaqlarında dərs müddəti həftədə 5 gün, bu fakültədə isə 3 gündür?
- Dərs yükünə nəzər yetirdikdə tədrisi 3 günə sığışdıra biləcəyimizin fərqinə vardıq və belə bir qərara gəldik. Digər tərəfdən, tələbələrimiz içərisində işləyən və ya digər sahələr üzrə təhsil alan şəxslər ola bilər, onların bütün günlərini zəbt etmək istəmədik.
Nəzərə alsaq ki, bu fakültənin dərs günləri əvvəllər həftədə 2 gün idi, sonradan dərs yükü ilə bu say artdı. Hazırda üç günün bizim üçün kifayət edəcəyini düşünürük.
- Bu fakültədə rus və ingilis dillərinin də tədris ediləcəyini bilirik. Üçüncü bir dil də əlavə etmək ehtiyacı yaransa, sizcə, bu, hansı dil ola bilər?
- Bu, bizə gələcək tələbələrin marağından asılıdır. Ola bilsin, yığılan tələbə auditoriyası fransız və ya ispan dilini istəsin. ADU ilə əlaqəli işlədiyimizə görə dilləri dəyişmək bizim üçün çətin deyil. Son nəticədə çoxluq nə istəsə, biz də ona uyğun hərəkət edəcəyik.
- Müəllim heyətinin seçim prosesi ilə bağlı planlarınızı bilmək istərdik.
- Onu deyə bilərəm ki, yaradıcılıq, ədəbiyyat, fəlsəfə, mifologiya, qısacası, tədris edəcəyimiz bütün sahələr üzrə ən güclü müəllimləri bu layihəyə cəlb edəcəyik. Bu fakültənin təməli belə qoyulub, belə də davam edəcək.
- Maddi problemlərlə əlaqədar ödəniş zamanı çətinlik çəkən, lakin qəbul prosesində uğurlu nəticə göstərən tələbələrlə bağlı necə, əlavə planlar varmı?
- Yaradıclıq fakültəsində illik ödəniş 500 manatdır. Bu, əslində simvolik rəqəmdir. İki illik tədrisə bir çox müəllimləri dəvət edəcəyik. Elə gənclərimiz var, çoxumuz onları tanıyır, yaxşı əsərlər yaza biləcəklərini bilirik. Biz onların yaradıcılıq və intellektual baxımdan inkişafı üçün çalışacağıq. Hər halda özəyin, yəni ən azı 5-6 nəfərin ən istedadlılardan olması bizim üçün önəmlidir.
- Adətən, bu fakültə və buna bənzər təhsil sahələrinə ədəbiyyatda gənc və yeni tanınmağa başlayan şəxslər müraciət edir. Bəs siz kimlərin müraciət edəcəyini təxmin edirsiniz?
- Bu barədə proqnoz vermək çətindir. Müraciət edənlər mənim tanımadıqlarım da ola bilər, tutalım, hansısa universitetdə təhsil alır, yaxud haranısa bitirib. Fərqi yoxdur, əsas odur ki, istedadlı olsun. Belə gənclərdən bir neçəsini tanıyıram və bizim fakültədə olmaqlarını istərdim.
Əslində gənclər bizə müraciət etməli, biz də onları seçməliyik. Bu, çox mühüm məsələdir, çünki gələcəkdə nailiyyətlər əldə eləmək üçün ən istedadlı gəncləri tapıb seçməliyik. Buna görə də Azərbaycanda ən yaxşı gənclərin bizimlə birgə olması üçün çalışacağıq.
- Fakültəyə qəbulda yaş həddi olacaqmı?
- Xeyr, olmayacaq.