"İxtisasca rejissor və ssenaristəm. Mədəniyyət Nazirliyinin keçirdiyi "Böyük Qayıdış" layihəsinin qaliblərindən biriyəm. Prezident mükafatına layiq görülmək mənim üçün gözlənilməz oldu. Belə bir ali mükafata layiq görülmək çox qürurverici hissdir".
Bunu Teleqraf.com-a açıqlamasında Prezident mükafatçısı Azər Quliyev deyib.
Onun sözlərinə görə, mükafata layiq görüldüyünü ilk olaraq dostundan öyrənib: "Xəbəri aldıqdan sonra prezidentin rəsmi saytında sərəncama baxdım. Fikrimcə, bu, fərdiyyətə bağlı olan bir şeydir. Mükafata görə hansısa yolun açılacağını gözləmək, ona uyğun addım atmaq düzgün deyil. Bu mükafat mənə görə daha da irəli baxmaq üçün təkandır".
Gənclərin İnkişafı və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru Coşqun Hidayətov isə bildirib ki, bu gün keçirilən Gənclər Forumu çox səmimi formatda baş tutdu: "Gənclərin sualları cənab prezident tərəfindən tam və ətraflı şəkildə cavablandırıldı. Bu gün mənim üçün də xüsusi və önəmli günlərdən biridir".
Onun sözlərinə görə, bu günlə birlikdə prezident tərəfindən ikinci dəfə mükafatlandırılıb: "İlk dəfə Cəbrayılın azad olunması medalı ilə təltif edilmişdim. Bizim missiyamız təkcə vətən müharibəsində iştirakla yekunlaşmır. Bundan sonra Qarabağın dirçəldilməsi, həmçinin Azərbaycan gənclərinin bilik və bacarıqlarının daha da artırılması, düşmənlə informasiya cəbhəsində daha istiqamətli mübarizə aparmaq üçün işlərimiz davam edəcək. Bunun üçün də üzərimizdə çalışıb, özümüzü inkişaf etdirməliyik. Vətənpərvərlik deyiləndə insanlarda cəbhədə vuruşmaq, postda dayanmaq kimi başa düşülür. Vətənpərvərlik kifayət qədər geniş anlayışdır.
Buraya təhsil, cəbhədə xidmət, jurnalistika, elm daxildir. Hər kəs fəaliyyət göstərdiyi sahədə işini düzgün icra edirsə, o vətənə xidmət edir. Biz gənclər də üzərimizdə işləməliyik. Mənim həyatda əldə etdiyim uğurların sirri də məhz vətənə sevgidir. Vətənə olan sevgim sayəsində daima faydalı işlər görməyə səy göstərmişəm. Vətən üçün olunan xidmətlər bu gün də olmasa da, mütləq ki, sabah dəyərləndirilir".