Bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maddi formada verilən bütün qrantların dəyəri Fond üçün maliyyə ili ərzində dövlət büdcəsindən ayrılmış ümumi məbləğin 35 faizindən artıq olmayacaq.
APA-nın məlumatına görə, bununla bağlı məhdudlaşdırıcı xarakterli dəyişiklik Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilən “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərmanda əksinin tapıb.
Elmin İnkişaf Fondunun digər qrant ayıran yerli və xarici qurumlarla və şəxslərlə birgə elmi tədqiqat layihələrinin maliyyələşdilməsi ilə bağlı da yeni qayda müəyyənləşib. Elmin İnkişafı Fondunun Nizamnaməsinə edilən dəyişikliyə əsasən bundan sonra Fond birgə qrant layihələri çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitləri (elmi cihazları, avadanlıq və qurğuları, elmi fəaliyyət üçün məmulatları, ləvazimat və qeyri-maddi aktivləri və s.), iş və xidmətləri “Dövlət satınalmaları haqqında” гanuna uyğun satın alaraq, layihə icraçılarına təyinatı üzrə istifadə üçün təhvil verməlidir.
Nizamnaməyə edilən digər dəyişikliyə əsasən Fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayədarlar Şurasının üzvlərinin sayı 2 nəfər artırılıb və 9 nəfərdən 11 nəfərə çatdırılıb. Artıq bundan sonra Fondun Himayədarlar Şurasının sədri Şuranın iclasında Şuranın üzvləri tərəfindən Şuranın üzvləri sırasından seçilməyəcək, Azərbaycan prezidenti tərəfindən təyin ediləcək.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.