Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, onkoloji xəstəliklər xərc tələb edən məsələdir:
“Bu xəstəliyin də icbari tibbi sığortaya daxil edilməsi istiqamətində iş aparılır. Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək. Eyni zamanda Azərbaycanda ekstrakorporal (süni) mayalanmanın icbari tibbi sığorta paketinə daxil edilməsi təklif edilir. Süni mayalanma bir dəfə dövlət vəsaiti hesabına həyata keçiriləcək".
Komitə sədri əlavə edib ki, Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var:
"Bu onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir. Həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır. Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib”.