28 Mart 2022 18:00
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Azərbaycanın üç kütləvi informasiya vasitəsinə blok qoyub. Rusiyanın belə bir addım atması Azərbaycanı məcburiyyət qarşısında qoyur”.

Bunu Teleqraf.com-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Ekspert Azərbaycanın jurnalist təşkilatlarının bu addımı üç kontekstdən yanlış hesab etdiyini deyib: “Birinci, bu, söz və ifadə azadlığının pozulmasıdır. İnsanların, o cümlədən rusdilli əhalinin alternativ mənbələrdən informasiya almaq hüququ var. Bu hüquq “Roskomnadzor” tərəfindən pozulub. Biz bu söz azadlığının pozulmasına etiraz edirik.

İkincisi, Rusiya ona görə bu KİV-ləri bloklayıb ki, onlar Rusiya-Ukrayna müharibəsi haqqında obyektiv informasiyalar yayırlar. Ancaq diqqət yetirsək görərik ki, bu KİV-lər müəyyən bir informasiya savaşı aparmırlar. Yəni Rusiyaya qarşı qərəzdən çıxış etmirlər. Sadəcə Rusiya öz hərəkətində beynəlxalq prinsiplərin pozulmasına yol verib, Ukraynanın ərazisini işğal edib. Bizim KİV-lər də Rusiya-Ukrayna müharibəsini məhz bu reallıqlar kontekstində dəyərləndiriblər. Görünür, Rusiya tərəfi bu reallıqların əhali tərəfindən bilinməsini istəmir, ona görə də bloklama aparır.

Üçüncü, Rusiyanın KİV-ləri həmişə Azərbaycana qarşı əks mövqedə durublar. Hətta biz bunu II Qarabağ savaşında - 44 günlük müharibə dönəmində də gördük ki, Rusiya KİV-ləri Azərbaycana qarşı informasiya savaşı aparırlar. Amma buna baxmayaraq Azərbaycan Rusiya KİV-lərinin ölkə ərazisində bloklamadı. Əksinə, biz onların arqumentlərinin əsassız olması barədə çıxışlar etdik, cənab Prezident müsahibələr verdi. Amma indi Rusiyanın belə bir addım atması Azərbaycanı məcburiyyət qarşısında qoyur ki, Rusiya KİV-lərinin ölkəmizdə yayımını bloklasın. Amma biz bu cür tendensiyanın başlanmasını istəmirik. Ona görə də Rusiya tərəfə müraciət edirik ki, bu yanlış tendensiyanı aradan qaldırsın. Yəni Azərbaycan məcburiyyət qarşısında qalıb Rusiya KİV-lərinə bloklar tətbiq etməsin”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, blok qoyulan saytlar Azərbaycanın peşəkar KİV-ləridir: “Yəni həm "Haqqin.az", həm "minval.az", həm də “Oxu.az” xəbər portalları kifayət qədər peşəkardırlar. Bu KİV-lər peşə standartlarını, xəbəri necə yazmaq lazımdır bunları bilirlər. Əgər biz reaksiya verməsək, səsimizi çıxarmasaq yəqin Rusiya bloklanan Azərbaycan KİV-lərinin sayını artıracaq. Bizim bir çox saytlarımız var ki, onlar Rusiya-Ukrayna müharibəsi barədə obyektiv məlumatlar yazırlar. Çox güman ki, gələcəkdə bu saytları da eyni aqibət gözləyir. Bu baxımdan Azərbaycan jurnalist təşkilatları hesab edir ki, ayrı-ayrı saytlara qarşı yönəlmiş bu addımlar əslində, Rusiyanın bütün Azərbaycanın media ictimaiyyətinə yönəlib və təcili şəkildə dayandırılmadır. Biz həmrəylik göstərib buna qarşı etirazımızı bildiririk.

Rusiyadan tələb edirik ki, bu yanlış addımlara son qoysun. Eyni zamanda Azərbaycan jurnalist təşkilatlarının Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə imzası gedən təşkilatlar bir neçə beynəlxalq media təşkilatının üzvüdür və onlarla əməkdaşlıq edir. Biz bütün beynəlxalq media ictimaiyyətinə də müraciət edəcəyik, Rusiyanın bu cür neqativ və yarıtmaz əməlləri barədə hər kəsi məlumatlandıracağıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər