30 Aprel 2022 09:05
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı məlumata görə, cari ilin yanvar və fevral ayları ərzində 17 300-dən çox uşaq qızılca xəstəliyinə yoluxub. Bu isə ötən illə müqayisədə 9 600 nəfər artım deməkdir. Mütəxəssislərin açıqlamalarına görə, hazırda xəstəlik COVID-lə müqayisədə daha sürətlə yayılır.

Mövzu ilə bağlı Teleqraf.com-un suallarını pediatr Xəyalə Quliyeva cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Doktor, qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Virusun xarakteristikası haqqında məlumat verə bilərsiniz?

- Qızılca geniş yayılmış xəstəliklər qrupundandır. Törədicisi virus infeksiyasıdır və əsas uşaq infeksiyaları qrupuna aiddir. Əgər böyük adam uşaq vaxtı bu infeksiyaya yoluxmayıbsa, xəstə uşaqla evdə təmas zamanı yoluxa bilər.

Əsasən hava, damcı yolu ilə yayılır. Yoluxuculuğuna görə, 90 faiz hallarda kontagiozdur. Evdə, binada hər hansı uşaqda qızılca olarsa, pəncərə açıq olduğu təqdirdə, bütün binaya yayılma ehtimalı yüksəkdir. Çünki bu viruslar havada 6-8 saat ərzində asılı qalır.

- Xəstəliyin əlamətləri nələrdir?

- Xəstəlik başlamazdan 3-4 gün əvvəl xəstəlik yoluxucu xarakter daşımağa başlayır. Xəstəlik ilk olaraq adi virus infeksiyası şikayətləri ilə başlayır. Öskürmə, göz yaşarması, səs tellərinin iltihabı, uşaqda işıqdan qorxma, temperatur yüksəlməsi, limfa düyünlərinin böyüməsi müşahidə oluna bilər. Get-gedə bu şikayətlər artır və 3-4 gün sonra səpkilər çoxalır. Bu səpkilər mərhələli şəkildə bədəndə yayılır: ilk olaraq üzdə, növbəti gün bədən ətrafında, qollarda, üçüncü gün ayaqlara yayılır. Səpkilər artdıqca hərarət də yüksəlməyə davam edir. Xəstəlik vaxtında müalicə edilmədikdə ağırlaşmalar müşahidə olunur. Burada pnevmoniya, miningit kimi ağırlaşmalar mövcuddur.

- Müalicəsi varmı?

- Xəstəliyin xüsusi müalicəsi yoxdur. Önəmli olan A vitamininin verilməsidir. A vitamini verilməməsi xəstədə korluğa səbəb ola bilər. Bundan başqa, hərarət 38 dərəcədən yüksək olduqda, dərmandan istifadə oluna bilər. Öskürək şikayətləri olarsa, uyğun müalicə təyin olunur. Ən əsası yataq rejimi tətbiq edilir. Xəstə yoluxuculuq yüksək olduğuna görə təcrid olunmalıdır.

- Peyvəndlə qarşısını almaq mümkündürmü?

- Xəstəliyin profilaktikası peyvəndlərlə aparılır. Bu peyvənd ilk olaraq bir yaşında vurulur və 6 yaşında refaksinasiya aparılır.

- Kimlər üçün təhlükəlidir?

- Xəstəlik 1 yaşdan aşağı uşaqlar, hamilələr üçün təhlükəlidir.


Müəllif: Aysel Azad