Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması , eyni zamanda “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə qanuna 3-1-ci maddə əlavə olunur.
Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.