“Tikintiyə icazənin verilməsi barədə məlumatlar yeni qaydalar üzrə şəffaf aparılacaq”
Prezident İlham Əliyev “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, Prezident aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri üç ay müddətində hazırlanıb prezidentə təqdim edilsin. Uyğunlaşdırılma sənədi üç ay müddətinə təmin olunub, Prezidentə məlumat verilsin.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması nəzarətdə saxlanılsın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verilsin. Şəhərsalma və Arxitektura Komitəsi Fərmanın I hissəsində nəzərdə tutulmuş Qaydalara uyğun olaraq həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Prezident Administrasiyası məlumatlandırılsın.
Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Şəhərsalma və Arxitektura Komitəsi hesabat verəcək
Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin müdiri Dilxoş Nuriyevin bildirdiyinə görə, yeni qaydaların tətbiqinin şəhərsalma işinin inkişafına təkan verəcəyi gözlənilir. Onun sözlərinə görə, yeni qaydalar mərkəzi icra hakimiyyəti orqanları olaraq Dövlət şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna əlavə səlahiyyətlər verib: “O cümlədən komitənin bələdiyyə ərazilərində aparılan tikinti və şəhərsalma işlərinə nəzarət səlahiyyəti də yeni qaydalarda göstərilib. Bu səlahiyyətin artırılması isə mərkəzi icra hakimiyyəti orqanı olaraq bizim məsuliyyətimizi də artırıb. Əvvəl üç ildə bir dəfə yerlərə getməklə nəzarət həyata keçirirdiksə, indi bu nəzarət tədbirləri kameral və səyyar qaydada həyata keçiriləcək. Yeni qaydalarda tikintilərin dövlət reyesterinə nəzarət də bizim komitəyə verilib”.
“Kameral nəzarəti əraziyə çıxmadan icra edirik”
Onun sözlərinə görə, kameral nəzarət budur ki, əraziyə çıxmadan, ezam olunmadan komitəyə daxil olan məlumatlar əsasında araşdırma aparırıq, əlavə sənəd tələb olunarsa, icra hakimiyyətindən müvafiq sənədlər tələb edirik: “Yerində araşdırma aparılması lazım olarsa, yerində araşdırma aparırıq. Onu da deyim ki, kameral qaydada məlumatlar tikintilərin dövlət reysterinə daxil olan məlumatlar əsasında həyata keçiriləcək. Yeni qaydaya görə, tikinti aparılan obyektlərin inşasına icazə verilən 10 gün müddətində bizə məlumatlar verilir. Yəni tikintiyə hansı əsaslarla icazə verilməsi - tikintinin sərəncamı, aidiyyəti orqanlarla razılaşdırılma və s. haqqında bizə məlumatlar gəlir. Araşdırırıq görək ki, tikintiyə icazə şərtlərinə düzgün əməl olunubmu, aparılacaq inşa işləri Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğundur, ya yox. Uyğun olmadıqda, müvafiq tədbirlər görürük. İcra hakimiyyətinə məktubla müraciət edirik ki, siz qaydanı pozmusunuz. Uyğun gəldikdə isə biz bu icazə əsasında tikinti aparan obyektə kod veririk”.
D.Nuriyev bildirdi ki, tikintiyə icazənin verilməsi barədə məlumatlar yeni qaydalar üzrə şəffaf aparılacaq və bu barədə internet saytında məlumat yerləşdiriləcək: “Yəni bu məlumatlar vətəndaşlarımız üçün açıqdır. Harada tikintiyə icazə verilməsi barədə istənilən şəxs internet saytımızdan öyrənə biləcək”.
“Rayonlarda yoxlama aparırıq”
Səyyar qaydada işlərin aparılması haqqında isə komitə rəsmisi bildirdi ki, bu işlər planlı şəkildə həyata keçiriləcək: “Üç ildən gec olmayaraq mütəxəssislərimiz ərazilərə ezam olunur, icra hakimiyyətlərinin şəhərsalma fəaliyyəti araşdırılır. Yəni icra hakimiyyəti bu müddətdə nə qədər tikintiyə icazə verib, icazə verilən zaman şəhərsalma normalarına, planlaşma sənədlərinə uyğun iş aparılıbmı? Obyekt yerləşdirilən zaman qaydalara düzgün əməl olunubmu? Bildiyimiz kimi, bu ilin sentyabrında tikinti ilə əlaqədar ərazi zonalaşdırılması və ara məsafələri haqqında iki qayda da təsdiq olunub. Bu iki qaydanın tələbləri də artıq yoxlanılır. Bu hallar araşdırılır və müvafiq akt tərtib olunur. Yol verilmiş qayda pozuntularının aradan qaldırılması üçün isə icrası məcbur olunan göstəriş təqdim olunur. İlin axırında Prezident Adminstrasiyasına yoxlamanın nəticəsi haqqında məlumat veririk ki, yerli icra hakimiyyətləri şəhərsalmanın icrası zamanı hansı nöqsanlara yol veriblər, yaxud düzgün əməl ediblər. Amma əvvəllər bu cür illik hesabat vermək tələbi komitə qarşısında qoyulmamışdı”.
D.Nuriyev dedi ki, səyyar yoxlamaların aparılması üçün ilin əvvəlindən plan tutulacaq, il ərzində nə qədər obyektlərdə nəzarətin həyata keçirilməsi öncədən müəyyənləşəcək: “Məsələn, gələn il 20, yaxud 30 rayonda yoxlama aparılması plan əsasında müəyyənləşir, qrafik tərtib olunur və bu qrafikə uyğun iş icra olunur. Digər tərəfdən, yerli qurumlar apardıqları yoxlamanın hesabatını bizə təqdim edəcək. Biz də yoxlamaların nəticəsini araşdırıb Prezident Administrasiyasına hesabat verəcəyik. Ona görə də hesab edirəm ki, yeni qaydalar daha ciddi sənəddir və bu qaydanın düzgün tətbiqi şəhərsalmanın inkişafına xidmət edəcək”.
Şərqşünaslıq İnstitutuna beş min kitab hədiyyə edildi
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədri Əhməd Sami Elaydi dünən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən “Gündəlik Teleqraf”a verilən xəbərə görə, misirli diplomat ilk olaraq İnstitutun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində, xüsusən də Misirlə bağlı aparılan tədqiqatlar barədə məlumat verib və son zamanlar İnstitutda bu sahədə nəşr olunmuş bir sıra kitabları ona təqdim edib.
Azərbaycanşünas alim olan Əhməd Sami Elaydi özünün bu sahədə tədqiqatlarından danışaraq, ölkəmizə nə qədər bağlı olduğunu dilə gətirib. Misir Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan, görülən işlərdən məmnun qaldığını bildirərək, qarşılıqlı elmi əməkdaşlığın hər iki ölkə alimlərinə faydalı olacağını dilə gətirib.
Əhməd Sami Elaydi daha sonra Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. İnstitutun alimləri qonağa öz tədqiqatları barədə məlumat veriblər. Əhməd Sami Elaydi Azərbaycanda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək dəyərləndirdiyini bildirib. O, özü ilə gətirdiyi ərəb dilində olan beş mindən artıq kitabın elektron variantını Şərqşünaslıq İnstitutunun əməkdaşlarına hədiyyə edib.
Sevil Hilalqızı