Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ölkəmizə 680 nəfərlik kvota ayrılıb. Bir nəfər üçün Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir. Ötən illərdə isə bu məbləğ 8600 manat ətrafında idi. Qiymətlərdən əvvəlki illərdə də narazılıq olmasına baxmayaraq, qiymət yenidən yüksəlib.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Həcc ziyarəti üçün elan olunan qiymətlərdən işbazlarmənfəət güdürlər.
Onun sözlərinə görə, Həcc ziyarəti daha aşağı qiymətə başa gələ bilər:
“Təşkilatçılar fikirləşirlər ki, gedənlər imkanlılardır, aralarında təkrar gedənlər də var. Çalışırlar ki, daha çox pul tələb etsinlər. Gələn gəlirləri azalmasın, qiymət qalxsın. Onlardan qiymət artımınının səbəbini soruşsanız, bunu dünyada gedən pandemiya, iqtisadi böhranla əlaqələndirəcəklər”.
Elşad Miri bildirib ki, tələb olunan ödənişlə göstərilən xidmət tərs-mütənasibdir: “Təəssüf ki, ölkəmizdə Həcc ziyarətinə təşkilatçılıq hər zaman həm baha, həm də aşağı səviyyədə olub. Həccə gedənlərin əksəriyyəti ibadət məqsədi güdürlər. Onu təşkil edənlərsə sadəcə pul qazanmağa çalışan şəxslərdir. Adama deyirlər ki, qiymət budur, gəlirsən gəl, gəlmirsən özün bilərsən. Monopoliyadır, istədikləri qiyməti müəyyənləşdirib, ona uyğun addım atırlar".
İlahiyyaçının sözlərinə görə, Avropadan gedənlər bizdən daha ucuz qiymətə Həcci ziyarət edirlər: "Təşkilatçılıq baxımından da onlarda səviyyə bizdən qat-qat yüksəkdir. Biz özümüz Avropadan gələn müsəlmanlarla birlikdə onların xidmətlərindən yararlanmağa çalışırdıq. Sonra da adını qoyurlar ki, Həccdir, əziyyət çəkməlisən. Təşkilatçı özü VİP xidmət görürsə, camaatı niyə aldadır?!”
İlahiyyatçının fikrincə, ziyarətə sərf olunan pul daha faydalı məqsədlər üçün də xərclənə bilər: “Gedənlərin bəziləri fikirləşir ki, il ərzində bu qədər günah edib, rüşvət yemişəm, 5-6 min dollardan keçib yenidən öz işimə davam edim. Bəzi yazıqlar da qəpik-qəpik topladıqları pulu sərf edirlər. Quranda deyilir ki, Həcc ziyarətinə gücü çatanlar getsinlər. Gücün çatırsa get. Yoxsa qəpik-qəpik yığ ki, Həccə gedəcəm. Oranı görəndə nə olur? Orada yerli sakinlərdən soruşurdum ki, Həcc eləmisən? Deyirdi, 60 yaşım var, qaçmır ki, gedərəm də.
Günlərlə oteldə qalıb, turist kimi gedib-gələnlər başlayırlar ki, Hacı oldum. Peyğəmbər ömür boyu orada yaşayıb, bircə dəfə Həccə gedib. Bizimkilər dəfələrlə ziyarətə getməklə sanki peyğəmbərdən üstün olduqlarını göstərməyə çalışırlar. Bunun adı yoxdur. Ondansa bu gün o pulla bir tələbənin nəinki bakalavr, hətta magistratura təhsil haqqını ödəmək mümkündür. Yaxud bir imkansız şəxsə maşın alıb, taksi sürərək sıxıntılarından xilas olmasına kömək etmək olar”.