Azərbaycan digər mötəbər tədbirlərə olduğu kimi Dünya Kuboku yarışına da yüksək səviyyədə hazırlaşıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə dünya kuboku yarışı çərçivəsində keçirilən brifinqdə jurnalistlərə Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisin deyib.
O, belə bir nüfuzlu yarışın Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirib.
“Bakı Atıcılıq Mərkəzi ən müasir standartlara cavab verən arenadır. O, öz möhtəşəmliyi ilə hamını heyran edir. Burada 2015-ci ildə birinci Avropa Oyunları atıcılıq yarışları, daha sonra Avropa çempionatı yüksək səviyyədə təşkil edilib. Dünya Kuboku yarışında 66 ölkədən 700-dən çox atlet iştirak edir. Bu, çox yaxşı nəticədir. Yarışın təşkilinə böyük əmək sərf etdiklərinə görə Təşkilat Komitəsinə və əməyi keçən hər kəsə minnətdarlıq edirik. Azərbaycanda nüfuzlu tədbirlər və turnir və yarışlar çox yüksək səviyyədə təşkil edilir. Qeyd edim ki, Dünya Kuboku yarışında iştirakçılar üçün də hər bir şərait yaradılıb. Əminik ki, turnir ən yüksək səviyyədə başa çatacaq”, - V.Lisin qeyd edib.