28 Noyabr 2014 16:59
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli:" Qadına qarşı zorakılığın artması utancvericidir"

Respublikaçı Alternativ Hərəkatı son zamanlar qadınlara qarşı cinayət hadisələri və şiddətin artmasına diqqət edir. Bu mövzu haqda hərəkatın icra katibi Natiq Cəfərli sosial şəbəkədə fikrini açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, REAL nümayəndəsi xatırladıb ki, hər gün xəbər lentlərində öz həyat yoldaşlarını boğaraq, bıçaqlayaraq, güllələyərək öldürən “kişilər” haqqında cinayət məlumatları olur: “Bu gün də 74 yaşlı “kişi”, bir də keçmiş polisin öz həyat yoldaşlarını öldürməsi haqqında məlumatlar var. Qadın cinayətləri artır, qızların məktəbə getmə faizi düşür, xanımların hüquqları hər gün daha çox tapdalanır, amma, bu məsələ cəmiyyətdə çox az reaksiya doğurur, az müzakirə olunur. Heç kim anlamaq istəmir ki, qızların təhsilsiz qalması ilə sonradan onların “kişi” zorakılığına məruz qalması arasında ciddi bir korrelyasiya var. Qadına qarşı zorakılığın artması utancvericidir, cəmiyyətimizin ayıbıdır”.

Natiq Cəfərli hesab edir ki, bu vəziyyətdən çıxış yolu daha çox təhsilli xanımların olması, onların iqtisadi müstəqilliyə qovuşmasındadır: “Xanımlar nə qədər çox iqtisadi cəhətdən müstəqil olacaqlarsa, nə qədər çox dövlət və hökumət orqanlarınra qərarverici rol alacaqlarsa, bu problemlərdən bir o qədər tez qurtulacağıq. Bu gün xanımların bir çoxu təhsilsiz, işsiz, maliyyə qaynaqlarsız olduğu üçün çox zaman kişilərin basqısına, təzyiqinə, şiddətinə dözməli olurlar. Azərbaycanda “ailə dəyərləri” adı altında illərdir absurd yanaşma hökm sürür. Ailə oğlunu-qızını özündən aralı buraxmır, yanında tutmağa çalışır ona görə ki, sabah qocalanda övladları tərəfindən saxlanılmasının çıxış yolu olduğunu düşünür. Oğul-qız ona görə ata-ana yanında qalmağa çalışır ki, gənc yaşlarında özünə ev, maşın ala bilməyəcəyini anlayır, ərinin vəhşiliyinə, zorakılığına dözüb evdə oturan qadın bilir ki, bütövlüklə ərinin pulundan, qazancından asılıdır, ayrılsa evsiz, işsiz və pulsuz qalacaq. Bütün bu iqtisadi çətinliklərdən doğan davranış qaydalarını dəyər adlandırmaq olmaz. Çünki bunun nəticəsində bədbəxt ailələr, qadın zorakılığı, sınmış talelər, öldürülmüş xanımlar olur”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər