28 İyun 2022 21:33
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Münaqişədən zərər çəkmiş ərazilərin geniş şəkildə minalanması, onların dəqiq xəritələrinin olmaması səmərəli şəhərsalma, bərpa işlərinə və yüz minlərlə keçmiş məcburi köçkünün öz yerlərinə qayıtmasına ciddi maneə olaraq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.

““Azərbaycan ərazilərinin işğalı zamanı urbisidlər və ekosidlər nəticəsində 300-dən çox şəhər və kənd, mədəniyyət və dini obyektlər tamamilə dağıdılıb”, - A.Quliyev bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan şəhərlərin sıfırdan yenidən qurulmasına, müasir şəhərsalmaların tətbiqinə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” və “təmiz zona” anlayışlarından istifadə etməyə başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib.

“Biz istəyirik ki, tikdiyimiz şəhərlər inklüziv, təhlükəsiz və davamlı olsun”, - komitə sədri əlavə edib.


Müəllif: Teleqraf.com