18 İyul 2022 16:10
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər mərkəzləşmiş müsabiqələrin test imtahanı mərhələsinin suallarındakı səhvlər, imtahan seanslardakı sualların çətinlik səviyyələrinin fərqliliyi və imtahan suallarının əvvəlcədən müdavimlərə ötürülməsi halları mövcud olub. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı müxtəlif illərdəki imtahanlarda suallar arasında kəskin çətinlik fərqi sonda onun əsasında ədalətsiz dərs bölgüsü formasında özünü göstərdi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, sonrakı illərdə müəllimlərin işə qəbul müsabiqəsində səhv tərtib edilən 100-dən artıq sualın 30-a yaxınının rəsmən etiraf edilməsi halı yalnız müsabiqə iştirakçılarının kəskin etirazı nəticəsində mümkün olub:

“Keçən illərdə imtahan seansları arasında sualların çətinlik səviyyəsinin pik həddə yüksəlməsi və imtahan iştirakçılarının az qala üsyan etməsindən sonra yalnız bir halda nazirlik bunu etiraf etməyə özündə cürət tapa bilmişdi. Lakin uzun illər imtahan suallarının onu tərtib edənlər səviyyəsində təlimçilərə və kurslara ötürülməsi onların səs yazısı ilə təsdiq edilsə də nazirlik bu hala münasibət bildirmədi. Çünki bu halda imtahan verənlərin hansı sosial qrupuna bu halın təsiri məlum olmadığı üçün onlar buna kütləvi etiraz bildirə bilmədilər və nazirlik də buna göz yummağı daha üstün tutdu. Nəhayət bu il bir fənn üzrə keçirilən test imtahanı mərhələsində 3 sualın özəl kursların birinin əvvəlcədən videoformatda ictimailəşdirməsi faktı qarşısında rəsmilər məcbur olub bunu etiraf etdilər”.

Xatırladaq ki, 14 iyulda keçirilən məllimlərin işə qəbulu imtahanında riyaziyyat fənni üzrə 3 sualın imtahandan öncə bəzi iştirakçılara göndərilməsi iddia olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) araşdırma aparıb. Araşdırma zamanı iddiaların həqiqəti əks etdirdiyi məlum olub. Bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, imtahan suallarının müəlliflərindən olan Siracəddin Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacağı bildirilib.


Müəllif: Aysel Azad