19 İyul 2022 20:42
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Zəngilana, Ağalıya qayıdan insanları görəndə yadıma Cəbrayıla, Cocuq Mərcanlıya geri dönüşümüz düşdü. Keçmiş qaçqın və məcburi köçkünlər Cocuq Mərcanlıya dönəndə dedim ki, sizin sağ əliniz digər köçkünlərimizin başına olsun. İndi biz o tarixi günü yaşayırıq. Allah xeyirli və xoşbəxt yaşayış nəsib etsin. Çox sevincli bir hadisədir.

Bunu Teleqraf.com-a Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib.

O qeyd edib ki, bu gün öz evlərinə qayıdan insanlar illərin həsrətini yaşadılar: “Bu illər ərzində onlar nələr yaşadı, bir Allah bilir. Həyatı boyu çalışıb özlərinə yurd-yuva quran insanları erməni qaniçənləri çöllərə salmışdılar. Azərbaycan xalqı müdrik xalqdır. Biz xalq olaraq bir quşun belə yuvasını dağıdan millət deyilik. Amma ermənilər bir milyon sakinimizin ev-eşiyini, yuvasını dağıb günah işlətdilər”.

Flora Qasımova öz evlərinə dönən Ağalı sakinlərinə xoş günlər, xoşbət yaşayış arzulayıb: “Ayaqları sayalı olsun. Evlərində toy, bayram etsinlər. Allaha çox şükür ki, biz bu günləri gördük. İnşallah digər bölgələrimizin də sakinləri tezliklə öz yurd-yuvalarına dönərlər. Məcburi köçkünlərin yaşadıqları evlərdə çox olmuşam. O insanlar bu illər ərzində çox əziyyət çəkdilər. Torpaqlara qayıtmaq qismət olmayan insanların övladları, nəvələri gedib orada yaşayacaq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Qəhrəman övladlarımızın zəhməti, əziyyəti yerdə qalmadı. Ali Baş Komandan, Prezident İlham Əliyevə də minnətdarıq ki, çox qısa zamanda keçmiş məcburi köçkünləri sevindirə bildik”.


Müəllif: Tapdıq Qurbanlı