Hazırda əhali arasında yeni infeksiya əlamətləri müşahidə olunur. Əsasən qusma, halsızlıq, hərarətlə müşayiət olunan xəstəlik insanlar arasında təşviş yaradıb.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan həkim-terapevt Məlahət İsayeva bildirib ki, xəstələr narahatlıq hiss etdikdə əvvəlcə COVID-19 testi verməlidirlər. Onun sözlərinə görə, yalnız testin nəticəsindən sonra müvafiq diaqnoz qoyula, müalicə təyin oluna bilər:
“Son bir ay ərzində koronavirusa yoluxma kəskin artıb. COVID-19-un ilkin əlamətləri (baş ağrıları, halsızlıq, boğaz ağrıları, iybilmə və dadbilmənin itməsi) hər kəsə məlumdur. Bu, qrip və soyuqdəymə əlamətlərinə daha yaxındır. Son vaxtlar koronovirusun yeni ştamları olan omikron və delta ştamlarının da yayıldığı və ölümə səbəb olmadığı bildirilir. İnsanlar bu ştamlara yoluxduqda sağala bilirlər.
Xəstələrdə bu əlamətlər aşkarlandıqda burun və boğazdan yaxma vermək və xəstəliyi digər xəstəliklərdən ayırd etmək lazımdır.
Son zamanlar əhali arasında mədə-bağırsaq xəstəlikləri, xüsusilə ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, hərarət, ishal şikayətləri çoxalıb. Belə xəstələrə PCR testlərindən keçməyi tövsiyə edirik. Doğrudur, ölkəmizdə hələ delta və omikron ştamlarını təsdiq edən laboratoriya yoxdur. Xəstələrdə yaxma verərkən koronovirus aşkar olduqda onlara müalicə təyin edirik.
Lakin unutmayaq ki, koronovirusun da müalicəsi yoxdur. Sadəcə xəstəliyi ağırlaşmağa qoymuruq, ilkin tibbi yardımlar edir və məsləhətlər veririk”.
Həkim qeyd edib ki, əhali arasında xəstəliyin geniş yayılmasına səbəb kütləvi yerlərdə sıx toplaşmalardır: “Yay aylarını yaşayırıq, insanlar çimərliklərə, kafe və restoranlara, istirahət mərkəzlərinə çox gedir. Təmas artıb, xəstələr belə maskadan istifadə etmir, ətrafa asqırır, öskürür, gigiyena qaydalarına, sosial məsafəyə riayət olunmur, ona görə xəstəliklər daha çoxalıb və artır.
Xəstəlik uşaq və yeniyetmələr arasında da çox müşahidə olunur. Xüsusilə uşaqlar gigiyena qaydalarına riayət etmir.
Valideynlərdən uşaqlarına qarşı diqqəli olmalarını xahiş edirik. Xəstə uşaqlarla təmasdan kənarlaşdırmalı, evə gələrkən əl-üzlərini sabunla yumalarına nəzarət etməli, soyuq içkilərdən uzaq tutmalıdırlar. Bundan başqa rotovirus bağırsaq infeksiyası da əhali arasında çoxalıb. Adından göründüyü kimi bu da virus infeksiyaları qurupuna aiddir.
Əsas şikayətlər boğaz ağrısı, qarında ağrı, temperatur və ishaldır. Qastroenterit adlanan bu infeksiyanın əsas səbəbi düzgün qidalanmamaq və gigiyena qaydalarına riayət etməməkdir”.