Ötən gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” (Azərbaycan) və “Viktoriya” (Çexiya) klubları arasında növbəti oyun baş tutdu. Qolsuz bərabərliklə bitən oyunda Qarabağ komandası uğurlu və möhtəşəm oyun göstərdi. Oyunda qol olmasa da biz artıq “Qarabağın” səfərdə udmağına öyrəşmişik. Çexiyada inşallah qələbə bizim olacaq. Uşaqlar çox yaxşı oynadı. Amma burada bir bəxt məsələsi də var. Bir neçə top qapıdan keçmədi. Elə oldu boş qapıya da top vura bilmədik.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun fikrincə, Çexiyada bütün bunların əvəzini çıxmaq imkanımız olacaq: “Qarşı tərəfin ehtiyatlı oyun oynamasına baxmayaraq, biz bu həddi də keçməyə nail olacayıq. Heç kəs də bundan narahat olmasın. Əslində ötən günkü oyundan da ləzzət aldıq. Çünki komandamız uduzanda da bundan zövq almaq olar. Yaxşı, gözəl oyun oynanıla bilər, amma hesab komandanın xeyrinə olmaz. Bunun özü də zövq məsələsidir”.
Aqil Abbasa görə, Bakıdakı Qarabağ-Viktoriya klubları arasındakı qarşılaşmada rəqib daha çox müdafiə oyunu oynayıb: “Futbol terminində buna kor müdafiə deyilir. Amma cavab oyununda “Bayrakdar” kimi hücum edib, qolumuzu vuracayıq. Ona görə də, növbəti oyun bundan da maraqlı və baxımlı keçəcək. Qarabağ da öz oyunu və qələbəsi ilə bizi sevindirəcək”.