Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 4-cü Beynəlxalq “ADNSU-DAAD Yay məktəbi 2022” başa çatıb.
Teleqraf.com xəbər verir ki, 8-19 avqust tarixlərində keçirilən yay məktəbində Almaniya, Italiya və Azərbaycandan olan 11 nəfər tələbə yerli mütəxəssislər tərəfindən “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrdə iştirak edib və eyni mövzuda çıxışlar ediblər.
Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. İştirakçılar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, BP-nin və ARDNF-nun baş ofislərində, İçərişəhərdə, Atəşgah məbədində və Heydər Əliyev Mərkəzində olub, eləcə də Şəki şəhərinə təşkil olunan ekskursiyada iştirak ediblər.
İki həftə ərzində müxtəlif mühazirələrdə və bir sıra mədəni tədbirlərdə iştirak edən yay məktəbinin iştirakçıları ölkəmizi Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti haqqında çox dəyərli məlumatlarla tərk ediblər. Yay məktəbinin gələn il də keçirilməsinin planlaşdırıldığını qeyd edib. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanıb.