24 Avqust 2022 15:49
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazılarımızın birində Mirzə Fətəli Axundzadənin əsərini plagiat edən türkiyəli yazıçıdan bəhs etmişdik. Amma həmin şəxsin başqa bir kitabını əldə etdikdən sonra onun Türkiyədə yaşayan azərbaycanlı olduğunu öyrəndik.

Akif Saffet (Akif Səfvət) adlı bu şəxsin bizə məlum olan iki kitabı var. Axundzadənin əsəri əsasında yazılmış kitabının üzərində bu şəkildə məlumat verilib: “İran'ın iç yüzü: Yarım dram (trajedi): Şiy'i - Sünnilik faciasını musavverdir. Mirza Fet'alinin asarı eserimize mühim bir memba teşkil etmiştir. Perde 3, Meclis 6. Naşiri ve müeelifi: Akif Saffet”.

Kitab 1932-ci ildə Türkiyədə “Milliyet” mətbəəsində işıq üzü görüb. Akif Saffet kitabında Mirzə Fətəlinin kimliyi və əsəri barədə bilgi verməyib.

40 səhifədən ibarət kitabda pyesin birinci məclisi Qarabağda - Xankəndində baş tutur. Əsas iştirakçılar bunlardır: Məşədi Rahim – 45 yaşında azərbaycanlı əkinçi; Nəfisə - 40 yaşında qadın. Rahimin arvadı; Zəhra – 16 yaşlı kənd qızı. Məşədi Rahimin qızı; Tanrıqulu – Zəhranın nişanlısı; İmamverdi – Zəhranın qardaşı; Hüseynqulu xan – 40 yaşlı Qarabağ xanı; Mollabaşı Məclisi – İran müctəhidi; Şah Abbas – İran şahı; Yusif Sərrac – İran inqilabçılarından

Əsərdə Şah Abbas, Qarabağ xanı və mollalar mənfi obrazlar kimi təqdim edilib, sünni-şiə məsələsi pyesin adından da göründüyü kimi ana xətlərdən birini təşkil edib. Əsərin qısa xülasəsi belədir:

Xan və Mollabaşı Məclisi Şah Abbas üçün göyçək qızları zorla ailələrindən alır və saraya göndərirlər. Qızın kimsəsi qalmasın deyə ailəsini sünnilikdə ittiham edib qətlə yetirirlər. Bu acınacaqlı tale Məşədi Rahimin də başına gəlir, qızı Zəhra əlindən alınaraq saraya göndərilir, özünü və arvadı Nəfisəni isə məzhəb düşməni elan edib xəncərlə öldürürlər. Şah Abbas Zəhranı da qatdığı eyş-işrət məclisində əylənərkən münəccimbaşı içəri daxil olur və fəlakət xəbərini verir. Saray əhli çarəni şahın başqası ilə əvəzlənməsində görürlər. Əvəzlənəcək şəxs isə Yusif Sərrac olur. Mollabaşı deyir: “Qəzvin şəhərində son zamanlarda bir nəfər peyda olmuş ki, Yer üzündə ondan daha günahkar və qətli haqq edən kimsə təsəvvür oluna bilməz. Adına Yusif Sərrac deyirlər. Bu məlun Qəzvin kəndlərindən bir türkün oğludur”.

Mollabaşının dediklərinə görə, Yusif İsfahan və Kərbəlada böyük din alimlərindən dərs aldıqdan sonra İstanbul və Misirə yollanıb, orada “fənn” adlanan şeytan elmindən oxuyub, amma məzhəbini də dəyişib. Qayıtdığı zaman Kərbəlada üləmanı tənqid etdiyi üçün Həmədana qovulub. Burada 40 yaşından sonra başının sarığını atıb sərraclığa başlayıb. Bir il sonra isə Qəzvinə gəlib, azərbaycanlı kimsəsiz sünni bir qızla evlənib:

“İndi isə işi-gücü üləmanı, vəzirlərin, hətta qibleyi-aləmin eyiblərini açaraq qara camaatı ayağa qaldırmaqdır. Türkləri türkçülüyə dəvət etməkdə, xülasə məmləkətdə fəsadla məşğul olmaqdadır… Bu məlunun sözlərinə görə, sədəqə almaq, cariyə saxlamaq haram imiş, müctəhidlər xalqı aldadırlarmış. Kəndxudadan başlamış şaha qədər bütün məmurlar zalım və quldur imişlər. O halda bəndənizə görə, qibleyi-aləmin səltənəti bu məluna təslim etməsi məsləhətdir. Təki kəvakibin təsiri ilə öz cəzasına çatıb cəhənnəmə vasil olsun”.

Yusif Sərrac isə xalqın qiymət verdiyi şəxsdir. İnsanlar onun yanına dərdini deməyə, müzakirə etməyə gəlirlər. Sərracla bağlı səhnədə onun sünni-şiə qarşıdurmasının Azərbaycana gətirdiyi fəlakətdən və bu problemin tarixindən bəhs etdiyini görürük.

Zəhranın nişanlısı Tanrıqulu və qardaşı İmamverdi də onun yanına gəlir, oğurlanan qız haqqında məlumat və kömək istəyirlər. Elə bu məqamda saray əyanları Yusifin yanına gəlib onu padşahlığa razı salırlar.

Qəribədir ki, Akif Saffet XVI əsr hadisələrindən bəhs etsə də, Yusif Sərracın şahlığı dönəmində atdığı qərarları XX əsrin anlayışları ilə yazıb. Məsələn, Yusif şah səltənətin ləğvini, İranın bölgələrə ayrılmasını, dil və millət əsasında muxtariyyət verilməsini əmr edir. Azərbaycan, Türkmənistan, Qaşqayıstanda türk hökuməti, Loristan və Kürdüstanda kürd hökuməti, Bəxtiyarıstan və Giləkistanda fars hökuməti qurulacaq. Xalq bu əyalətlərdə məclislər seçəcək və ölkə cümhuriyyət şəklində idarə ediləcək.

Yusif şahın digər islahatları bunlar olur: Azərbaycanda məzhəb ayrı-seçkiliyi aradan qaldırılacaq; Hər kəs öz ana dilində oxuyacaq, fars dilinin hakimliyi aradan qalxacaq; Mollaların, xanların, bəylərin, seyidlərin imtiyazları ləğv olunacaq.

Axundzadədə olduğu kimi, əyanlar qısa zamanda xalqı Yusif şaha qarşı üsyana qaldıra bilirlər. Yeni şahın sünniliyi müdafiə etdiyini xalq arasında yayırlar. Mollabaşı isə Yusif şahın çayına zəhər qatır. Qəzəblənmiş kütlə saraya hücum etdiyi zaman Yusif şah artıq zəhərlənmişdi: “Məlun mollabaşının şeytanlığı insanlığa qələbə çaldı. Mənim böyük əməllərimin hamısı puç oldu. Kim məzlumların imdadına çatacaq! Bu qarabəxt İran türklərini kim qurtaracaq?!”

Tanrıqulu və İmamverdi saraya yetişdiyi zaman artıq Yusif şah ölmüşdü və Mollabaşı “bu alçaqlar Yusif şahın sünni bəndələridir, onları tutun” deyə qışqırır. Bu zaman başdan hər şeyin fərqində olan saray təlxəyi xəncəri ilə Mollabaşını öldürür. Pərdə bununla da qapanır.

Azərbaycanlı fizika müəllimi

Akif Saffet imzası ilə əldə etdiyimiz ikinci əsərin adı belədir: “Otuz sene sonra Türklerin Radyo Teknik Hayatı. 1932-1962”.

Kitabın müəllifi olaraq isə belə qeyd verilib: “Azerbaycan sabık fizik muallimlerinden Akif Saffet”.

Əsər İstanbulda əvvəlki əsərin də çıxdığı “Milliyet” mətbəəsində işıq üzü görüb. Təəssüf ki, əsərdə müəllifin kimliyi barədə əlavə bilgi verilməyib. Türkiyə mətbuatında tədqiqat apardığımız zaman bu kitabla bağlı kiçik bir elana rast gəldik. Elanda yazılıb: “Akif Saffet bəy adında Almaniyada radio təhsili almış bir gənc “Otuz il sonra türklərin radioaktiv həyatı” adında bir kitab çıxarmışdır”. (“Akşam” qəzeti, sayı 4866, 29.04.1932).

Göründüyü kimi adı bir az fərqli verilsə də, eyni əsərdən söhbət gedir. Elandan Akif bəyin Almaniyada radio ilə bağlı təhsil aldığını da öyrənirik. Görünür, aldığı təhsil, dönəmin ən böyük texnoloji yeniliklərindən olan radionun kəşfi Akif bəyi bu mövzuda fantastik əsər yazmağa vadar edib.

Akif bəy 30 il sonra – 1962-ci ildə radionun türk xalqlarının həyatında oynayacağı önəmli rolu bədii əsər şəklində təqdim edib. Kitabın müqəddiməsində müəllif yazıb: “Jül Vern, Kamil Flamaryun, Rubit, Arenyüs, Rimkeviç kimi müxəyyəl romançıların əsərlərini uzun müddət tədqiq etdikdən sonra fənni roman mahiyyətində olan bu əsəri yazmağa həvəsləndim. Tarixi baxımdan ən parlaq, dünyanın ən geniş və gözəl məmləkətlərinə yerləşmiş türk millətinin gələcək radiotexniki həyatını təsvirə cəhd etmək çox ağır bir işə girişmək deməkdir. Keçmişi tədqiq etməklə vəziyyəti anlatmaq nə qədər müşkül isə, indiki vəziyyəti nəzərə alaraq gələcəyi təsvir etmək də o qədər çətindir. Bununla yanaşı fənn aləminin otuz il sonrakı tərəqqi dərəcəsini düşünərkən radiotexnikanın türklər arasında nə surətlə intişar etdiyini anlatmaqdan heç cür fərağət edə bilmədim. Həyatda otuz illik bir zaman azmı, çoxmudur?! Orasını araşdırmayaq. Qısa deyim ki, fənn aləmi üçün bu zaman çox uzundur. 1962-ci ildə yaşayanlar bu əsərin sararmış yarpaqlarını qarışdırarkən beynimin nə qədər dar bir sahədə fəaliyyət göstərdiyinə güləcəklər. Çünkü texnika romançıların xəyalından daha sürətlə tərəqqi etməkdədir və bu gün xəyal kimi görünən bu əsərdəki bəzi təsəvvürlərimin o vaxt həqiqət olduğunu görəcəklər”.

98 səhifəlik əsər 11 bölmədən ibarətdir: 1962-ci ildə 6 saatlıq bir səyahət; Radionun çiftçilikdəki rolu; Radionun fabriklərdəki rolu; Radionun polisdəki rolu; Radionun ailədəki rolu; Radionun müharibədəki rolu; Radio ilə kosmoqrafiya dərsi; Radio ilə fizika dərsi; Radionun həyatımıza təsiri; Dünənki xəyal, bugünkü təsəvvür, bugünkü təsəvvürün sabahkı həqiqət olması; İnsanlar radionun canlısıdır.

Yazar hadisələrin 1962-ci ildə Turan ölkəsində baş verdiyini qələmə alıb. Qurd bəy, Turqut bəy, Ərtoğrul kimi obrazlar seçən müəllif radiodan gələn xəbərdə Azərbaycanda da baş tutacaq bir tədbirdən bəhs edib: “28 avqust 1962-ci ildə, saat 11-də Bakı Universitetinin salonunda Turan Kimya Bakteriologiya Cəmiyyətinin rəyasət heyəti toplantı keçirəcəkdir. İştirakınız xahiş olunur”.

Müəllifin 1962-ci ilə qədər yaşayıb-yaşamadığını bilmirik. Ümid edirik ki, Almaniyada təhsil almış Akif Saffet bəy haqqında gələcəkdə daha dəqiq məlumatlar əldə edəcəyik.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər