Universitetin Elmi Şurasının və Elm və Təhsil nazirliyinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq əvəzçiliklə işləyən bütün müəllimlərin hər il əmək müqaviləsi təzələnir. Bu, qanunverciliyin tələblərinə tam uyğundur.
Bunu Teleqraf.com-a bir qrup deputatın Bakı Dövlət Universitetindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yayılan məlumata münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədrinə görə, bu hal qanunverciliyin tələbinə əsaslanır: “Kim əvəzçiliklə müəllim işləyirsə, onunla 1 illik əmək müqaviləsi bağlanır, ilin sonunda həmin müqaviləyə xitam verilir. Növbəti ildə ehtiyac yaranarsa, müqavilə yenilənir. Bu məlumatı kim yayıb, nə məqsəd daşıyır, bunu deyə bilmərəm. Bu sadəcə olaraq təxribat xarakterli bir şeydir”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da məsələyə aydınlıq gətirib: “Bu, hər il olan bir prosedurdur. Mən artıq 10 ildir BDU-nun müəllimiyəm. Hər il yenidən əmək müqaviləsi bağlayırıq. Təcrübədə bu proses həmişə belə olub. Sadəcə olaraq informasiya əsrində adi, hər il təkrarlanan sıradan, hüquqi bir prosedurun mahiyyətini anlamadan sensasiyaya çevirmək və belə savadsız formada təqdim etməklə medianı gülüş hədəfinə çevirmək olmaz”.
Qeyd edək ki, Gununsesi.info Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin adı müəllim kimi işdə gedən deputatları və yüksək vəzifəli şəxsləri bu təhsil ocağından xaric etməsi ilə bağlı xəbər yayıb.
Bildirilir ki, BDU-dan uzaqlaşdırılan şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və bir sıra vəzifə sahiblərinin adı var.