Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Abşeron və Cəlilabad rayonlarında “kütləvi çıxarış” kampaniyası keçirməyə başlayıb.
Bu barədə ƏMDK-dan Teleqraf.com-a məlumat verilib.
İlk dəfə bu kampaniyadan Saatlı və Şəmkir rayonlarının sakinləri faydalanıb. Bu gün isə Abşeron və Cəlilabad rayonlarında vətəndaşların mülkiyyət hüquqlarına dair sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub. Ümumilikdə 400-ə yaxın sakinə “kupça” verilib.
Xatırladaq ki, kampaniya çərçivəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
Kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunub. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək və vaxta qənaət etməkdir. Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir.
Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.
ƏMDK vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirəcək. Belə ki, bu ay kampaniya növbəti dəfə Qəbələ rayonunda keçiriləcək.
Bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır, nəticədə daşınmaz əmlak bazarının inkişafı sürətlənir. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.
Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.
Xatırladaq ki, ƏMDK daşınmaz əmlakın qeydiyyatı sahəsində son illərdə bir sıra mühüm nailiyyətlərə imza atıb. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Elektron və onlayn xidmətlər istifadəyə verilib.
İLHAMƏ