15 Sentyabr 2022 17:24
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə Teleqraf.com-a Milli Məclisdən məlumat verilib.

İclasın əvvəlində son günlərdə Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Bəxtiyar Əliyev bu hadisələrlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu təcavüzkara layiqli cavab verib.

İclasda komitə sədri qeyd edib ki, bu gün, həmçinin Bakının erməni-bolşevik işğalından azad olunması günüdür. Bu gün biz, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz birliyini də qürurla qeyd edirik.

Bəxtiyar Əliyev bu gün, həm də növbəti dərs ilinin başlandığını deyərək, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd orta məktəbində ilk dəfə dərslərin keçiriləcəyini söyləyib.

Sonra iclasın gündəliyinə daxil olan üç məsələyə baxılıb. Komitə sədri, əvvəlcə, Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, növbəti sessiya ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.

Sonra Bəxtiyar Əliyev Milli Məclisin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 11 məsələyə baxılıb. Bu müddətdə “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin və digər sənədlərin müzakirəsi keçirilib. Bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub və qəbul edilib.

Diqqətə çatdırılıb ki, yaz və növbədənkənar sessiyalar ərzində komitənin sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə, o cümlədən MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında, ADA Universitetində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci “Beynəlxalq Sosial Elmlər Konqresi”ndə, Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: İrəvandan-Zəngəzuradək” kitabının, Strateji Kommunikasiyalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimlərində iştirak ediblər.

Ötən müddət ərzində komitə üzvləri, eyni zamanda, Vətən Müharibəsi şəhidlərinin anım günlərinə həsr olunmuş tədbirlərdə mütəmadi olaraq iştirak edib, onların ailə üzvləri ilə görüşüblər.

Bildirilib ki, hesabat dövründə seçicilərin qəbulu həyata keçirilib. Deputatlara vətəndaşlardan ünvanlanmış müraciətlərə baxılıb və həll olunması üçün aidiyyəti üzrə göndərilib.

İclasda çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Tamam Cəfərova, Kamilə Əliyeva, Müşfiq Məmmədli, Rafael Hüseynov, Pərvin Kərimzadə, Fatma Yıldırım komitənin cari ilin payız sessiyası üçün iş planı, yaz və növbədənkənar sessiyalarda görülən işlər, habelə təhsil sahəsində bir sıra aktual məsələlər barədə öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2022-ci il üçün iş planı təsdiqlənib, yaz və növbədənkənar sessiyaları ərzində görülmüş işlər qənaətbəxş hesab olunub.

Daha sonra iclasda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Bildirilib ki, sənəd Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə uyğun olaraq hazırlanıb.

Qanunun Sertifikat xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi ilə bağlı 9-cu maddəsinə təklif edilən əlavəyə görə, Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

11:10

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk komitə iclası keçirilir.

Teleqraf.com-un xəbərinə görə, komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

3. “Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər