14 Oktyabr 2022 11:23
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, ikiüzlü siyasətçi kimi tanınan Fransa Prezidenti Emmanuel Makronun çıxışı ilə tanış olub:

“Makron deyib ki, onu heç kim neft və qazla ala bilməz. Mən də deyirəm ki, ədalətli adam haqsız tərəfi müdafiə etməz. 1 milyon müsəlman azərbaycanlı az qala 34 ildir qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın əraziləri 30 il işğal olunandan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək. İndi Putin Rusiyası qismən neytrallığını qorumağa çalışır. Amma Rusiya Ermənistan tərəfdən vuruşsaydı, satılmaram deyən Makron Rusiyaya təşəkkür edərdi. Üçtərəfli sazişdən sonra Fransa Ermənistana vaxtında təzyiq göstərsəydi, başa salsaydı, 12-13 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Birinci Qarabağ savaşında Yeltsin Rusiyası Ermənistan tərəfindən münaqişəyə cəlb olunub və Rusiya ordusunun 366-cı alayı Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. İndi Putin Rusiyası neytrallığını qismən də olsa qoruyub saxlamağa çalışır. Makronu bu qane etmir və utanmadan, abır-həya etmədən deyir ki, Rusiya Azərbaycanın əlinə oynayır. Amma Rusiya ermənilərin tərəfində vuruşsaydı, aralarındakı bütün ziddiyyətlərə baxmayaraq, Putinə təşəkkür edəcəkdi. 10 noyabr 2020-ci il üçtərəfli sazişinin imzalanmasından 2 ilə qədər vaxt keçir. Əgər Fransa tərəf olmayıb Ermənistanı vaxtında başa salsaydı ki, beynəlxalq hüquq var və Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, sülh sazişi imzalamalı, birgə bəyanatın bütün müddəalarını yerinə yetirməlisən, heç 13-14 sentyabr sərhəd toqquşması da olmaz, hər iki tərəfdən yüzlərlə gənc həyatını itirməzdi. Ona görə həm 44 günlük savaşda, həm də sonrakı dövrlərdə tökülən qanlara görə, vicdansız vasitəçiliyi səbəbindən Fransa birbaşa məsuliyyət daşıyır".

Deputat əlavə edib ki, Fransa Senatı Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır: “Əgər belə bir qətnamə qəbul edilsə, Azərbaycan Fransa ilə əlaqələri dayandırmalı, səfirini geri çağırmalıdır”.

Q.Həsənquliyev onu da vurğulayıb ki, üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmək Rusiyadan tələb olunmalıdır: "Rusiya bilməlidir ki, Azərbaycana yönəlik təzyiqlər həm də onun Rusiya ilə dostluq əlaqələrinə sadiq qalmasına görədir. Rusiya Azərbaycanın Qarabağ üzərində tezliklə suveren hüquqlarının bərpasına mane olmamalıdır".


Müəllif: Nemət

Oxşar xəbərlər