Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Assosiasiyanın vitse-prezidenti, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva son illər görülən işlərdən söz açıb.
O, Azərbaycanın Ombudsman təsisatının artıq 3-cü dəfədir iclasa ev sahibliyi etdiyini söyləyib.
S.Əliyeva bildirib ki, oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı keçiriləcək. Onun sözlərinə görə, toplantı “Biznes və insan hüquqları sahəsində Ombudsman və milli insan hüquqları təsisatlarının rolu” adlı mövzusunda baş tutacaq.
Tədbirdə çıxış edən Pakistan Federal Ombudsmanı Ejaz Əhməd Qureşi qeyd edib ki, təcrübələri bölüşmək və fikir mübadiləsi aparmaq assosiasiyanın əsas istiqamətlərindəndir. O, bu istiqamətdə səylərini artıracağını və daha geniş müstəvidə fəaliyyət göstərəcəklərini vurğulayıb.
Ejaz Əhməd Qureşi pandemiya dövründə insanların sağlamlığının qorunması üçün aparılan maarifləndirmə işlərində ombudsman təsisatlarının mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç xatırladıb ki, Vətən müharibəsi dövründə Ermənistan ballistik raketlərlə Azərbaycan şəhərlərini bombalayıb: "Nəticədə Azərbaycanın mülki vətəndaşları həyatını itiriblər. Biz Ombudsman Səbinə Əliyevanın dəvəti ilə həmin şəhərlərdə olduq və insan hüquqları ilə bağlı hesabat hazırladıq. Həmçinin məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycan əraziləri minalanıb. Biz Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanın işğaldan azad olunan ərazilərində də olduq. Həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat da hazırladıq".
***
10:56
Oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti Səbinə Əliyeva qurumun bu gün Bakıda keçirilən iclasında deyib.
O bildirib ki, toplantı “Biznes və insan hüquqları sahəsində Ombudsman və milli insan hüquqları təsisatlarının rolu” adlı mövzusunda baş tutacaq.