I Qarabağ müharibəsində Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuş leytenant Masiyev Elşən İsaxan oğlu 30 il əvvəl Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində birlikdə oxuduqları bir qrup keçmiş kursant yoldaşları tərəfindən yad edilib.
Teleqraf.com xəbər verir ki, bir neçə gün öncə, polkovnik-leytenant Zaur Nuriyev, polkovnik-leytenant Elnur Məmmədov, kapitan Taleh Cavadov, kapitan Saday Cəfərov və baş leytenant Natiq Mirzəliyev Elşənin də xatirəsinin əbədiləşdirildiyi Yardımlı rayonunun Şiləvəngə kəndində tikilmiş abidə kompleksi ziyarət edib və şəhidlərin mərmər lövhə üzərində əks olunmuş şəkillərinin qarşısına əklil qoyublar.
Sonra Elşənin doğulduğu qonşu Ökü kəndinə gedərək, şəhidin anası Nəsibə xanımı ziyarət edib, digər doğmaları və yerli əhali ilə görüşüblər.
Elşənin kursant dostu kapitan Taleh Cavadov onu belə xatırlayır: “Elşən çox etibarlı dost, yaxşı yoldaş idi. Riyaziyyatı yüksək səviyyədə bilirdi. Mənə çox köməyi dəyib. Mən Elşənlə 1991-ci ilin yayında tanış olmuşdum. Onunla birlikdə iyul ayında Bakıda imtahan verib, Serpuxov Ali Hərbi Komandanlıq Məktəbinə daxil olduq. Avqustun 1-də hava limanından Moskvaya yola düşdük. Azərbaycandan gedən qrupda cəmi 5-6 nəfər idik. Bizi Elşənin atası rəhmətlik İsaxan müəllim yola saldı. Biz orada cəmi bir ilə yaxın oxuduq. Respublikamızda, eləcə də Rusiyada vəziyyət elə də yaxşı deyildi. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri, torpaqlarımızı işğal etmələri, eləcə də rusların onların tərəfini tutması bizi çox hiddətləndirirdi. Ona görə də, etiraz olaraq hərbi andı içməkdən imtina etdik və Bakıya döndük. Sonra Elşən hərbi təlim keçmək üçün 3 aylıq Türkiyəyə getdi. Elşən geri qayıdandan sonra biz artıq başqa-başqa hərbi hissələrdə döyüşürdük. Şəhid olana qədər bir daha görüşmədik. Murovda qar uçqununa düşdüyü barədə eşidəndə, onun belə faciəli şəhid olması məni çox sarsıtdı. 30 ildən sonra keçmiş kursant yoldaşları kimi Elşəni yad etməyimiz kədərli olsa da, qürurvericidir. Çünki onun qisası düşməndən alınıb, azadlığı uğrunda şəhid olduğu torpaqlar işğalçılardan azad olunub. Nəsibə anamızla görüşümüz də çox təsirli oldu. Hər birimizi Elşən kimi gördüyünü deyirdi. Söz vermişik ki, bundan sonra da bu ailəni tək qoymayaq. Oktyabrın 28-də Elşənin doğum günüdür, yenə gedib onun əziz xatirəsini yad və Nəsibə anamızı ziyarət edəcəyik. Eyni zamanda, eşitmişik ki, oktyabrın 1-də Elşənin bacısı oğlu Aqşinin oğlu dünyaya gəlib. Adını da Elşən qoyublar. Bu çox sevindirici xəbərdir və balaca Elşəni də mütləq ziyarət edəcəyik. Elşənin dostları olaraq onun haqqında xatirələrimizi toplayıb kitab çap etmək niyyətindəyik”.
Bacısı oğlu Aqşin Masiyevin dediklərindən: “Dayım Elşənin müharibəyə getdiyi dövrlər çox qarışıqlıq idi. Təsəvvür edin, indiyə kimi də dayım hər hansı mükafatla təltif edilməyib. Halbuki onun qəhrəmanlığı haqqında danışan canlı şahidlər var. Bir dəfə Agdamda mühasirəyə düşmüşdülər. Mühasirəni igidliklə yardıqlarına və hərbi hissəni qoruduqlarına görə dayıma məzuniyyət verilmişdi, rütbəsi artırılmışdı. Onun hansı şəraitdə şəhid olması barədə hələ də tam məlumatımız yoxdur. Bəzi döyüş yoldaşları ayağından yaralanıb çox qan itirib mühasirəyə düşdüyünü, bəziləri isə qar uçqununa düşdüyünü deyirdilər. O vaxt rəhmətlik İsaxan babam da Elşənin döyüşdüyü hərbi hissələrə getmişdi, ona da hərə bir söz demişdi. Amma dayımın qəhrəmanlığından döyüş yoldaşları ağızdolusu danışıblar. Mənim məlumatıma görə, Murovdağda “Elşən postu” var. Deyilənə görə, bu posta dayımın şərəfinə “Elşən postu” adını veriblər. Ola bilər ki, mən yanlışlıq edirəm, amma belə eşitmişəm. Bu barədə bu yaxınlarda teliviziyada da bir veriliş getmişdi”.
Xatırladaq ki, I Qarabağ müharibəsində şəhid olan leytenant Masiyev Elşən İsaxan oğlu 28 oktyabr 1974-cü ildə Yardımlı rayonunun Ökü kəndində anadan olub. O, 1981-ci ildə Şiləvəngə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub və 1991-ci ildə həmin məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Moskva vilayətində yerləşən Serpuxov Ali Hərbi Komandanlıq Məktəbinə daxil olub. 1992-ci ilin sonlarında Bakıya qayıdaraq hərbi təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriyası fakültəsinə daxil olaraq Hava Hücumundan Müdafiə ixtisası üzrə davam etdirib. 1993-cü ilin yanvar-mart aylarında Türkiyədə 3 aylıq təlim keçib Bakıya qayıdır və həmin ilin aprelində vaxtından əvvəl leytenant rütbəsi ilə təltif olunaraq cəbhəyə yola salınıb. Ağdam və Kəlbəcərdə gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. 1994-cü ilin yanvarın 28-də Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Bu Elşənin qısa, lakin olduqca şərəfli ömrünün statistik avtobiqrafiyasıdır. //http://ilkxeber.org/