Fransa Senatında Azərbaycana qarşı hazırlanan qətnamə ilə bağlı etiraz petisiyası yaradılıb.
Teleqraf.com-un məlumatına görə, petisiyada deyilir:
Biz, fərqli yaşda, cinsdə, milliyyətdə və sosial statusda Azərbaycan vətəndaşları, ölkəmizin sıravi nümayəndələri olaraq, Fransa Senatına və xalqına müraciət edirik.
Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən irəli sürülən və nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsi sövq etdi. xBu sənəddə ölkəmizin, yəni hər birimizin ünvanına ittihamlar, Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək”
çağırışı yer alıb. Qətnamə layihəsi Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim edir. Müəlliflər münaqişənin sadəcə bir tərəfinin - erməni tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin – milyonlarla sıravi azərbaycanlıların acı hissinə, yaxınlarının itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar, sadəcə bizi günahkar bilirlər.
Bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiya etmək və millətini kəskin şəkildə qınamaq – etnik dözümsüzlüyün və irqçiliyin ictimai
nümayişidir!
Sadəcə üç misal gətirək:
Senatın Qətnamə layihəsinin 21-ci bəndində Azərbaycan “kütləvi cinayətlər” etməkdə ittiham edilir. Elə orada Beynəlxalq Cinayət
Məhkəməsində bu məsələ üzrə istintaq aparılması çağırışı yer alıb. 2020-ci ilin oktyabr ayında Ermənistanın silahlı qüvvələri bizim ən böyük
şəhərlərimizdən olan Gəncəni beş dəfə raket atəşinə tutub. Həmin payız Azərbaycanın 80-dən çox yaşayış məntəqəsi atəşə məruz qalıb. Həmin
vaxt biz hal-hazırda qəlblərimizə yaxın olan Ukraynanın yaşadıqları dəhşətlər kimi aqressiyanın qurbanı olmuşduq. O zaman 454 insan
yaralanmışdır ki, onlardan 50-si uşaq idi. Öldürülənlərin sayı isə 93 çatmışdır, onlardan 27 nəfər qadın, 12 nəfər uşaq idi. Xahiş edirik, bunları
düşünün! Bu sadəcə rəqəmlər deyil. Bu, uçurulmuş binaların dağıntıları altında parçalanmış və ya həyatlarını itirmiş balaca uşaqlardır. Məsələn,
Narın Xalıqova – onun sadəcə 10 ayı tamam olmuşdu; Mədinə Şahnəzərli – bir yaşı var idi; Məryəm Xəlilli – sadəcə altı yaşda idi. Onların hamısı
Gəncə atəşə tutularkən həlak olub. İndi bu adlar bizim yaddaşımıza həkk olunub! Lakin sivil Avropa bu körpələrin meyitlərini görməməyə üstünlük verdi. Ötən iki il ərzində Fransa Senatının heç bir üzvü bu kütləvi cinayəti nə qınamaq məqsədilə çıxış etdi, nə də ki istintaq aparılaraq günahkarların cəzalandırılması üçün çağırış etdi! Gecə öz çarpayılarında yatarkən vəhşicəsinə öldürülən və şikəst edilən azərbaycanlı uşaqlar həqiqətənmi
Senatın hörmətli üzvlərinin diqqətinə layiq deyillər?!
Senatın qətnamə layihəsinin 20-ci bəndində deyilir ki, Azərbaycan erməni köçkünlərinin geri qayıtmaq hüquqlarını təmin etməlidir. BMT-nin Baş
Assambleyasının 23.03.1994 tarixli qətnaməsinə əsasən, erməni silahlı birləşmələrinin hücumları nəticəsində 1.000.000-dan çox azərbaycanlı öz
evlərindən didərgin salınmışdır. O cümlədən onlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın suveren ərazisi kimi qəbul edilən rayonlardan
belə sürgün edilirdilər. BMT-nin Baş Assambleyasının qətnaməsində qeyd edilirdi ki, “qaçqınlar və məcburi köçkünlər aclıq və xəstəlik təhlükəsi ilə
qarşılaşdıqlarına görə çox ağır vəziyyətdədirlər”. Sitat gətirilən sənəddə “azərbaycanlı qaçqın və məcburi köçkünlərə” bütün ölkələr tərəfindən
lazım olan dəstəyə çağırış öz yerini almışdı. Lakin 30 il ərzində Fransa Senatında bir dəfə də olsun bu insanların geri qayıtmaq hüququnu təmin
etmək çağırışı qətnaməsinə baxılmamışdır. Həqiqətənmi azərbaycanlı qaçqınlar Qarabağı tərk edən sayca dəfələrlə az olan ermənilərdən fərqli
olaraq, bu haqdan məhrumdurlar?
Senatın qətnamə layihəsinin həmin, 20-ci bəndində deyilir ki, Azərbaycan “erməni mədəni və dini irsinin” qorunub-saxlanılmasını təmin etməlidir.
Lakin Senat ermənilər tərəfindən Azərbaycanın 30 il işğal altında qalan suveren ərazilərində mədəni və dini irsin təmin olunmasına dair bu cür
bəyanatlarla bir dəfə də olsun çıxış etməyib. Halbuki, ölkəmizin rəsmiləri bununla bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər. 15 may 1992-ci
ildə Bakı qəzetlərində Azərbaycanın mədəniyyət nazirinin avropalı həmkarlarına, YUNESKO-nun baş direktoruna, Beynəlxalq Muzeylər
Şurasının baş məsləhətçisinə olan müraciətinin bəzi hissələri dərc edilmişdir. Məktubda qeyd edilirdi ki, müharibə “silahsız əhaliyə,
müdafiəsiz uşaqlara, eyni zamanda mədəniyyət abidələrimizə qarşı aparılır... Sizdən xahiş edirik ki, öz səlahiyyətinizdən istifadə edərək
ölkələrinizin hakimiyyətlərinə, parlamentlərinə təsir edəsiniz, bu vandalizmi və qan tökülməsini dayandırasınız”. Lakin bu mövzuda da
Senat bütün bu 30 il ərzində birmənalı şəkildə sükut mövqeyini qoruyurdu. Azərbaycanın Milli Elmlər Akademiyasının məlumatlarına görə,
bu dövr ərzində təkcə Şuşa şəhərində 215 tarixi və mədəni abidəyə ziyan dəyib; bütün işğal olunmuş ərazilərdə isə mövcud 67 məsciddən sadəcə
məscid qismən salamat qalmışdır. Həqiqətənmi Senatın fikrincə Azərbaycanın tarixi, mədəniyyəti və dini digər Qafqaz xalqının tarixi,
mədəniyyəti və dinindən daha az əhəmiyyət kəsb edir?
Bu açıq-aşkar diskriminasiyanın səbəbi nədir? Məlumdur ki, Fransada dünyanın ən böyük erməni diasporlarından biri yerləşir. Əhəmiyyətli seçici qüvvəsi olan bu Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb. Onların bir çoxu Cənubi Qafqazda baş verənləri, münaqişənin, əsasən, erməni tərəfinin mövqeyini əks etdirən media xəbərlərindən anlayır. Eyni zamanda erməni əsilli fransızlarda yüz ildən çox əvvəl baş vermiş hadisələrə görə uşaqlıqdan qurban hissi və qisas almaq istəyi formalaşıb. Bəzi siyasətçilər bu məqamlardan şəxsi maraqları üçün istifadə etməyə çalışırlar. Məhz bu şəkildə Senatın bu cür qətnamə layihələri yaranır. Və bu, böyük ölçüdə Avropa İttifaqının əhəmiyyətli səyləri sayəsində ilk dəfə başlayan real danışıqlar prosesi zamanı baş verir. Lakin, sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı barışığa həvəsləndirmək əvəzinə, Senatın qətnamə layihəsinin müəllifləri hökuməti “Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə”, yəni onu müasir fransız silahları ilə təchiz etməyə çağırırlar. Eyni zamanda münaqişənin davam etməsində təqsir birmənalı şəkildə yalnız Azərbaycanın üzərinə atılır. Beləliklə, ayrı-ayrı siyasətçilərin irqçi dünyagörüşü və şəxsi ambisiyaları, eləcə də bəzi erməni əsilli fransızların çoxəsrlik inciklikləri Cənubi Qafqazda gələcək eskalasiya üçün yeni zəminlər yaradır.
Senat üzvləri və Fransa xalqı onu da nəzərə almalıdırlar ki, Avropa İttifaqı ölkələrinə qaz və neft idxalına embarqo qoyulacağı halda Azərbaycanın
“cəzalandırılması” istəyi sadə azərbaycanlılar üçün yeni sıxıntılara və məhrumiyyətlərə səbəb olacaq. 2021-ci ildə dövlət büdcəmizin gəlirlərinin
təxminən yarısı enerji resurslarının ixracından əldə olunmuşdur. Bu vəsaitlər hesabına qaçqınların ehtiyacları, təhsil xərcləri, sosial ev layihələrinin
maliyyələşdirilməsi qarşılanırdı. Həqiqətənmi siz kasıb tələbələri və ya 30 il əvvəl bütün əmlakını və yaşayış yerlərini itirmiş qocaları cəzalandırmaq istəyirsiniz? Lakin belə olan halda, bu ağır cəza təkcə azərbaycanlıların sosial cəhətdən zəif təbəqələrinə təsir etməyəcək. Bu, milyonlarla avropalılara da zərbə vuracaq. İtaliya, Bolqarıstan, Yunanıstan artıq iqtisadiyyatlarını əhəməyyətli dərəcədə Azərbaycanın enerji resurslarının idxalına yönəldib. Senat üzvlərinin təklif etdiyi embarqo onlar üçün indikindən daha böyük inflyasiya sıçrayışı deməkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, biz Senata və bütün Fransa xalqına səslənirik:
Dərk etməyə çalışın ki, Ermənistan-Azərbaycan münaqişəsi sizə təqdim ediləndən daha mürəkkəb ziddiyyətlər, milli travmalar və incikliklər toplusudur. Fransanın birtərəfli yanaşma əvəzinə daha balanslaşmış mövqe tutması çox vacibdir. Sonunda münaqişənin təkcə bir deyil, hər iki tərəfin çoxillik acısını, itki hissini və istəklərini diqqətə almağa çalışın. Azərbaycanlıların hüquqları, layiq olduqları anlayış və mərhəmət heç də qarşı tərəfdəkindən az deyil. Yalnız bu halda Fransa bu iki xalq arasında çoxdan gözlənilən sülhün əldə
olunmasına töhfə verə bilər.
Danışıqlar prosesinə şans verin! Vəziyyəti birtərəfli ittihamlar və sanksiyalarla gərginləşdirməyin!
Nəzərə alın ki, Azərbaycana iqtisadi təzyiq siyasəti özü ilə sadə xalq üçün yeni bəlalar və itkilər gətirəcəkdir. Və, birmənalı şəkildə, bu cür hədəqorxular sülhə nail olmağa zəmin yaratmır.
Tərtib etdilər:
1) Ələkbərova Kubra, 52 yaş – Gəncə
2) Əliyeva Aynur, 29 yaş – Gəncə
3) Mirzəyev Vəzir, 29 yaş – Lənkəran
4) Əmirsultanov Əmirsultan, 42 yaş - Sumqayıt
5) Nəzürova Rübabə, 58 yaş - Qusar
6) Əliyeva Ülfət, 29 yaş - Bakı
7) Tağıyev Süleyman, 31 yaş - Sabirabad
8) Rəsulova Fatimə, 23 yaş - Bakı
9) Ağayeva Seyidnurə, 36 yaş – Sabirabad
10) Abdullayeva Afət, 61 yaş – Bakı