Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını (ARGTMŞ) təmsil edən, təşkilatın Beynəlxalq Əlaqələr üzrə katibi Leyla İsrafilova dünyanın 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının (WAY) idarə heyətinin üzvü seçilib.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, seçkilər Dünya Gənclər Assambleyasının Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunan Baş Assambleyasında baş tutub.
Tədbir Dünya Gənclər Assableyasının illik hesabatının qəbul olunması, yeni rəhbərliyi, idarə heyəti və təşkilatın yeni üzvlərinin seçkilərinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilib.
Həmçinin dekabrın 9-da təşkilata yeni üzv olmaq üçün müraciət edən gənclər platformalarının namizədliyinə baxılıb və səsvermə əsasında təşkilatın yeni üzvləri seçilib. Tədbirdə ARGTMŞ təşkilatın tam hüquqlu üzvü olub. Dekabrın 10-da isə təşkilatın rəhbərliyi və idarə heyətinin seçkiləri həyata keçirilib. Səsvermə əsasında İdris Haron təşkilatın prezidenti vəzifəsinə seçilib. Daha sonra təşkilatın vtse-prezidentləri və idarə heyətinin seçkiləri baş tutub. Seçkilər zamanı səsvermə əsasında ARGTMŞ-ni təmsil edən Leyla İsrafilova təşkilatın idarə heyətinin üzvü vəzifəsinə seçilib. İdarə heyətinin üzvü kimi ARGTMŞ Dünya Gənclər Assableyası və Avropanın gənclər platformaları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə cavabdeh olacaq.
ARGTMŞ-nın sədri Şahin Seyidzadə “Dünya Gənclər Assambleyası”-nın idarə heyətinin üzvü olmağın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratdığını vurğulayıb: “Dünya Gənclər Assambleyası 120 gənclər platformasını birləşdirən dünyanın ən böyük gənclər platformalarından biridir. ARGTMŞ-nın təşkilatın tam hüquqlu üzvü və idarə heyətinin üzvü seçilməsi Afrika, Avstraliya və Amerika qitələrinin gənclər platformaları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və Azərbaycanın dünyanın növbəti böyük gənclər platformasının idarəetmə prossesində iştirakına imkan yaradacaq”.
BƏXTİYAR