Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, o, "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı bildirib ki, ali təhsil almaq istəyən hər kəsə bu şərait yaradılmalıdır.
"Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil alma prosesini çətinləşdirməliyik. Hazırda isə vəziyyət əksinədir. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın"- M.Qasımlı söyləyib.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə ön sıralarda olması üçün ölkədə tədqiqat universitetləri yaradılmalıdır: "Elmi tədqiqat sahəsində, təhsildə, dərsliklərdə sosial məsələlərdəki problemlər araşdırılmalıdır. Bunun üçün müəllim və tələbələr birlikdə araşdırmalar aparmalı, universitetlərdə dərslər interaktiv formada keçirilməlidir".