"Bügünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğuna görə məhz ulu öndər Heydər Əliyevə borcluyuq. Bu, bütün Azərbaycan xalqının fikridir". Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova səsləndirib.
B.Muradova bildirib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır.
Vitse-spiker vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir: “Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması deməkdir”.
B.Muradova deyib ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir: "Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır".
O, qeyd edib ki, bir neçə il öncə başlayan qlobal maliyyə böhranı fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsidir: "Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir.
Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir".
Milli Məclis sədrinin müavini bildirib ki, qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.