Parlament Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli təqdim edib.
Qeyd edək ki, dəyişikliklərə əsasən nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.
Bundan başqa, dəyişikliklə dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.
Dəyişiklik eyni zamanda beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək.
Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayəyə verilməsində görə ƏDV ödəməyəcək.
Dəyişikliklərə əsasən şəhid ailələrinə, eləcə də 1990-cı ilin 20 yanvar faciəsi zamanı əlil olan, habelə vəfat edən şəhidlərin valideynləri və ya övladlarına verilən müavinətlər də vergidən azad ediləcək.