AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Nadir bəy, ötən günlərdə Dilçilik İnstitutunda "Orfoepiya normaları"nın mübahisəli bəndləri ilə bağlı keçirilən müzakirə böyük səs-küyə səbəb oldu. Daha çox da dovşan sözü gündəmə gəldi. Yaranmış vəziyyəti necə şərh edərdiniz?
- Mən buna çox təəssüf edirəm. Müzakirədə dovşan məsələsi bu formada qabardılmayıb.
Hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır. Bizim müzakirənin məqsədi Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları”ndakı mübahisəli bəndləri müzakirə etmək idi ki, biz bunu da etdik.
Müzakirəmizə ölkənin ali və orta məktəb müəllimləri, Dövlət İmtahan Mərkəzi, Dil Komissiyası yanında Monitorinq Mərkəzi və media nümayəndələrini çağırmışdıq.
Yenə deyirəm, normalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Biz sadəcə bəzi məsələləri araşdırmaq istəyirdik.
Bu, millətin kitabıdır. Ona görə də yekun lüğət çap olunmamış onu xalqın, ictimaiyyətin müzakirəsinə verməyi daha məqsədəuyğun hesab etdik.
“Müzakirə dovşan sözü ətrafında deyildi”
- Mübahisə doğuran məsələ həllini tapdımı?
- İki bənddə şübhəli məqam var idi. Onlardan biri “ae, ea, eə” və bu qəbildən olan yanaşı saitlərinin işləndiyi sözlərin yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunması məsələsi idi. Müzakirələr əsasında “ae”nin yazıldığı kimi tələffüz olunması qəbul edilmədi. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olundu. Məsələn: aerodrom [ayradrom], aeroport [ayraport].
Digər məsələ “ov, öv” hərf birləşmələri olan sözlərlə bağlı idi. Belə ki, bu sözlərdə səs düşümü hadisəsi baş vermədiyinə görə, fonetik prinsipə uyğun olaraq yazıldığı kimi tələffüz edilir. Müzakirədə bu hərf birləşmələri olan sözlərdən nümunələr çəkildi. O nümunələrdən biri də “dovşan” sözünün tələffüzü idi. Müzakirə nəticəsində bu bənddəki yeniliklər qəbul olundu.
Amma bizim müzakirə dovşan sözü ətrafında deyildi. Bu sözün bu qədər qabardılması görülən işə xələl gətirdi, gözdən saldı.
Orfoqrafiya lüğəti hansı vəziyyətdə çap olunmuşdu, yadınızdadır? İndi hansı əsrdir? Biz yenə kartoçka ilə mətn toplayaq?
Bu ,xalqın lüğətidir, xalqın dilidir, qaytaraq verək özünə, baxsın, qeydlərini desin. Qapımız hər kəsin üzünə açıqdır. Kim istəyir gəlsin. O söz, fikir ki, bizə kömək edir, həmin adama yüz dəfə təşəkkür edəcəyik.
“Dilçilik İnstitutunun keçmiş direktoru yazır ki...”
Hətta mən təəssüf edirəm ki, Dilçilik İnstitutunun keçmiş direktoru yazır ki, bu, sifarişlə olunan bir işdir, biz bunu təsdiq etmişik. Təsdiq etmisinizsə necə oldu ki, indi biz bir maddəni dəyişməli olduq. Əksinə gələrdi, o da müzakirədə iştirak edərdi. Bu işlər onun zamanında olub, gəlib bizə kömək edərdi. O demək deyil ki, Dilçilik İnstitutunda bu işi bilmirlər, xeyr, çox yaxşı bilirlər. Ancaq xalqın da səsinə qulaq asmaq lazımdır. Burda qəbahətli heç nə yoxdur.
Yenə deyirəm, biz müasir texnologiyalar əsasında lüğəti hazırlamaq istəyirik. Ona görə də xalqın müzakirəsinə vermişik. Amma belə olmaz. Axı sən də bu millətin nümayəndəsisən. Kol dibində gizlənən dovşanlar kimi orda gülməyə nə var? Gəl, məclisə qapımız açıqdır, elan vermişik. Gəlin, nə sözünüz var, deyin.
İşlərimizi davam etdirəcəyik. İş bitəndən - lüğət normalara uyğun hazırlanandan sonra yenə də müzakirə keçirəcəyik.
- Orfoepiya lüğətinin çapı nə vaxta planlaşdırılır?
- İki-üç aya hazır olacaq. Bayaq dediyim kimi bir bənd yenilənəcək, bu barədə Nazirlər Kabinetinə məlumat veriləcək. O təsdiq olunandan sonra bir də müzakirə keçirəcəyik. Kim istəyir gəlsin, tənqidlərə də açığıq.
- Nadir müəllim, orfoqrafiya lüğətinin tez-tez dəyişilməsi cəmiyyətdə birmənalı qarşılanmır və etirazlara səbəb olur. Dilçilik İnstitutuna inamsızlığı yaradan məsələlərdən biri də budur. Həmin lüğətlə bağlı vəziyyət nə yerdədir?
- Bəli, sizinlə razıyam ki, orfoqrafiya lüğətinin başına açılan oyunlar insanlarda inamsızlıq yaradıb. Orfoqrafiya lüğətini də ictimaiyyətin, elmin müzakirəsinə verəcəyik. Onu kartoçka sistemi ilə həll etməyəcəyik.
- O zaman təyin olunanda belə bir ifadə işlətmişdiniz ki, institut yalnız tədqiqatla məşğul olmayacaq. İşçilər qapalı otaqlardan çıxacaqlar. Dilçilik İnstitutunun hədəfləri nələrdir?
- Dosent Kifayət İmamquliyevanın rəhbərliyi ilə Dilçilik İnstitutunun Dialektologiya şöbəsi görünməmiş bir iş gördü. Tədqiqat institutun qapalı otaqlarında yazılmadı. Xanımlardan ibarət qrup rayon-rayon, ərazi-ərazi, bölgə-bölgə gəzib, çox dəyərli məlumatlar əldə etdilər. Nəticə olaraq “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” kitabı ərsəyə gəldi.
Hədəflərimiz həddən artıq çoxdur.
Bağlı qapılar arxasında olan lüğət orfoqrafiya lüğəti idi, gördünüz ki, nə qədər problemlər yaratdı. Mən institutda olduğum müddətdə bu kimi mühüm məsələlər bağlı qapılar arxasında həll olunmayacaq.
İndi texnika əsridir. Nə etmək lazımdır? İlk növbədə Azərbaycan dil bankı yaradılmalıdır. Onu vaxtilə dilmanc proqramı hazırlayıb. Həmin baza indi də qalır. Hazırda Azərbaycanda yerini demək istəmirəm, ancaq şərti formada söyləyəcəyəm ki, dil korpusu yaradan kollektiv formalaşıb. Dilçilik İnstitutunun bir nümayəndəsi orda təmsil olunur. Bu, nəhəng bir addımdır. Bu, türkdilli xalqlar içərisində yalnız Türkiyədə var, digər ölkələrdə - Qazaxıstanda bunu yaratmağa çalışırlar, ancaq buna böyük maliyyə vəsaiti xərclənməlidir. Çox yaxşı haldır ki, bizim universitetlərdən biri bu işi öz öhdəsinə götürüb. Dil bankı yaradılandan sonra orfoqrafiya lüğəti yazıla bilər.
2013-cü ildə olan səhvlər başa bəla oldu. O vaxt Şərq-Qərb nəşriyyatının işçisi bu işə müdaxilə etmişdi. Ona kim icazə vermişdi ki, Dilçilik İnstitunun kitabına əlavələr etsin.
Beş ildən sonra yeni orfoqrafiya lüğəti çap olunacaq, görəcəksiniz ki, o kitab hansı səviyyədə olacaq. Biz onu da müzakirəyə çıxaracağıq.
Ağamusa Axundov, Tofiq Hacıyevdən sonra yaranmış boşluqdan istifadə edib Dilçilik İnstitutunun başına açılmayan oyun qalmadı: əli əyrilik gətirdilər, başlı başına buraxdılar.
İndi-indi özümüzə gəlmək, işləri yoluna qoymaq istəyirik ki, amma baxın bu cür rəftarla qarşılaşırıq.
- Nadir müəllim, lüğət tərtib olunanda hərflər müəlliflər arasında bölünürmü?
- Bəli və bu barədə lüğətin girişində məlumat verilir. Lüğəti bir nəfərin yazması doğru deyil. Hərflər müəlliflərə verilir və sonra ümumi müzakirə keçirilir. Əsas məsələ budur ki, normalar qəbul olunsun və sözlərin tərtibində həmin normalardan istifadə olunsun. Qorxulu tərəfi odur ki, norma qəbul olunur, lüğətin içərisində buna əməl edilmir. Orfoqrafiya lüğəti doğma lüğətdir, amma biz də tənqidi yanaşırıq, məsələn, fizika termini olan “vat” sözü normaya görə bir “t” ilə yazılmalıdır, lüğətin içərisində iki “t” ilə qeyd olunur.
- Nadir müəllim, hər lüğət tərtib olunanda normalar da dəyişirmi?
- Siz elə bilirsiniz ki, bu yaxşı haldır. Hər orfoqrafiya lüğətində yeni norma tətbiq olunur. Bu, çox pis əlamətdir. İnsanlar bunu yadda saxlamaqda çətinlik çəkirlər. Tələbə qəbul imtahanı verəndə bu problemlə qarşılaşır. O uşaqlara çox yazığım gəlir. Adi bir fakt deyim, biz heç vaxt “varı” sözünü “vari” yazmamışıq. Bəs necə olur ki, birdən-birə ahəng qanunu pozulur, “vari” deyə yazılır. 2021-cü ilin lüğətində - hörmətli Mövsüm müəllimin rəhbərlik etdiyi lüğətdə buna rast gələcəksiniz. Ancaq bundan qabaqkı lüğətlərin heç birində “vari” işlənmir. Tələbə bundan necə baş açsın? Bu, hələ bir nümunədir.
Norma qəbul olunubsa və formalaşıbsa onu dəyişmək düzgün deyil. Bacardığımız qədər biz də buna riayət edəcəyik.
“Xəlil Rza necə uğurlu bir söz tapmışdı...”
- Dilimizə gələn yeni sözlərlə bağlı hansı strategiya qurulub. Bu necə tənzimlənib?
- Dilçilik İnstitutunda “Yeni sözlər, yeni mənalar” lüğəti çap olunub. Amma dayanmaq olmaz, çünki bu axın davam edir və yeni sözlər kataloqlaşdırırlar.
Bir söz ömür boyu qalmır, bəzi sözlər inkişafı ilə mənasını itirir, bəzisi isə yeni məna qazanır. Daş sözdür, zamanla şəkilçi funksiyası da daşımağa başladı: vətəndaş, yoldaş və s. Görün necə dəyişir.
Yeni gələn sözlərin hamısı yeni sözlər deyil. Bunların bəzisi təsadüfi - bir dəfə işlənən sözlərdir. Onu lüğətə salmaq olmaz. Ona görə də Rusiyada belə təcrübə var ki, yeni gələn sözlər toplanılır, kitabça halında buraxılır, insanların müzakirəsinə verilir, qəbul olunanları izahlı lüğətə, orfoqrafiya lüğətinə salınır.
Bəzi sözlər isə müəllif sözləridir. Məsələn, Xəlil Rza necə uğurlu bir söz tapmışdı - sayrışmaq, zamanla bu, xalqın dilinə düşdü, amma müəllif sözüdür. Eləcə də Səməd Vurğunun dilimizə gətirdiyi çimərlik sözü...Müəllif sözüdür, amma sevgi ilə qarşılandı və işləndi.
Eləcə də hörmətli yazıçılarımız, jurnalistlərimiz yazılarında qəribə sözlər işlədirlər. Elə söz var, alınır, dilə keçir, eləsi də var ki, bir dəfə oxunulur, unudulur. Amma uğurlu söz yerini tapır.