“Heç bir erməni tarixçisi tarixi planda deyə bilməz ki, Dağlıq Qarabağ Ermənistan dövlətinə məxsusdur. Dağlıq Qarabağ tarixi Albaniya torpağı olmaqla Azərbaycanın ayrılmaz bir hissəsidir”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri tarix elmləri doktoru, professor Quram Marxulia deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti iki ölkə arasında olan münaqişəni həmişə sülh yolu ilə həll etmək istəyi ilə beynəlxalq təşkilatlarda çıxışlar edir.
Professor Ermənistanın işğal olunan Azərbaycan ərazilərində və Dağlıq Qarabağda hərbi təlimlər keçirməsinə də münasibət bildirib: "Azərbaycan torpaqları işğal olunub və ermənilər bu ərazilərdə nə istəyirlərsə, onu da edirlər. Hüquqi cəhətdən bu ərazilər Azərbaycana məxsusdur və Ermənistan silahlı qüvvələrinin bu ərazilərdə hərbi təlimlər keçirməyi düzgün deyil. Bu gün Azərbaycanın hərbi gücü yüksək səviyyədədir və onlar hesablanmış saatlarla nəinki Dağlıq Qarabağı, həmçinin İrəvanı da ala bilər. Lakin Azərbaycan dövlətinin rəhbərliyi cəhd edir ki, Ermənistanla münasibətləri sülh yolu ilə qaydaya salsın və işğal olunmuş torpaqları qaytarsın. Fikirləşirəm ki, elə bir geosiyasi vəziyyət gələcək ki, Azərbaycan dövlətinin rəhbərliyi, başda ali baş komandan İlham Əliyev olmaqla, işğal olunan torpaqları hərbi yolla qaytarmaq üçün qərar qəbul edəcək. Bu labüddür".
Q.Marxulia iki ölkə arasındakı müharibədə Ermənistan rəhbərliyinin Azərbaycan tərəfdən itkin və əsir düşən əsirlərin sayını gizlətdiyini də vurğulayıb: "Hazırda faktiki olaraq ikitərəfli müharibə gedir və bu gün Ermənistan dövləti əsir saxlanılan azərbaycanlıları şərtsiz geri qaytarmalıdır. Ermənistan nəinki indi əsir aldığı iki əsiri, eyni zamanda 1992-1994-cü illərdə əsir aldığı silahsız azərbaycanlıları geri qaytarmalıdır. Təəssüf ki, onların sayı haqqında dəqiq rəqəmlər məlum deyil və Ermənistan bunu açıqlamaq istəmir. Fikirləşirəm ki, beynəlxalq aləmin köməyi ilə Azərbaycan dövləti Ermənistan ərazilərində qalan azərbaycanlıları əsirlikdən azad etməyə nail olacaq".