29 Noyabr 2022 14:28
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin hədyan məqaləsinə ölkəmizdə kifayət qədər cavab verildi.
Məqalədə siyasi tərəflərlə yanaşı tarixə dair bəzi məsələlər də vardı. Vilayəti yazır:
“İran və Azərbaycan müqaviləsinin imzalanmasından bir aydan çox vaxt keçməmiş 1920-ci il aprelin 27-də qırmızı ordunun hücumu ilə Azərbaycan hökuməti devrildi və Qafqaz Azərbaycan Demokratik Respublikasının yerini Sovet İttifaqına bağlı olan Azərbaycan Sosialist Respublikası tutdu. 15 may 1924-cü ildə Məhəmmədəmin Rəsulzadə Seyid Hüseyn Tağızadəyə məktub yazdı: “Əgər İran hökuməti kimi güclü bir hökumət başımızın üstündə olsaydı, ruslar asanlıqla nə Bakıya daxil ola bilərdilər, nə də Qafqazda bütün bu faciələr baş verərdi”.
Vilayətinin verdiyi bu sitatı görərkən Rəsulzadənin Tağızadəyə yazdığı üç məktubu (vaxtilə “Gənclik” jurnalında dərc edilib) oxudum. Həmin məktublarda bu məsələ yox idi. Demək ki, bilmədiyimiz başqa bir məktubdan sitat gətirilib. Fərz edək ki, məktub doğrudur, amma bu zaman da verilən sitat Vilayətinin düşüncələrinin əleyhinədir. Rəsulzadə nə deyir: “Əgər İran hökuməti kimi güclü bir hökumət başımızın üstündə olsaydı…”
Demək ki, İranın iddia edilən güclü hökuməti başımızın üstündə dayanmayıb… Əslində həqiqət necə idi?
Biz Vilayətinin Qacar dövlətini mənimsəməsini bir kənara qoyuruq. Bu, tarixşünaslıqda problemli məsələdir. Qacarların Azərbaycan hökumətinə münasibəti onların Bakıya göndərdiyi nümayəndə heyətinin sədrinin raportlarından da bəllidir. Eləcə də Rəsulzadənin münasibəti.
Əvvəla qeyd edək ki, Qacar dövlətinin “Azərbaycan” adına qarşı çıxması, Qacar mətbuatında bu mövzuda məqalələrin yazılması, Rəsulzadənin cavab məqalələr dərc etməsi barədə çox yazılıb. Professor Solmaz Tohidinin “Niyə Azərbaycan Cümhuriyyəti?” adlı kitabında ən incəliklərinə qədər verilib.
Qacar dövləti Araz çayından şimalda Azərbaycan adlı dövlətin varlığını istəmirdi. Rəsulzadənin 1918-ci ilin yayında İstanbulda olarkən tanınma ilə bağlı Qacar səfirliyinə göndərdiyi sənədə rədd cavabı vermişdilər.
Vilayəti bunu bilirmi? Əlbəttə, bilir. Sadəcə bunu yada salmaq sərf eləmir.
Qacar dövlətinin ölkəmizi tanımaq istəməməsinə görə Azərbaycan hökuməti iki maraqlı gediş etdi. Cənubdan gələn tacirlərə sərt gömrük sistemi və bürokratik əngəllər yaratdı. Çünki Bakı oradan gələn tacirlərin önəmli qazanc mənbəyi idi və hökumət bu yolla təzyiqə başladı. Nəticədə tacirlər, Qacar vətəndaşları hökumətlərinə şikayət məktubları göndərdilər. Ona görə də Qacarlar məcbur olub Ziyaəddin Təbatəbainin rəhbərliyində danışıqlar üçün nümayəndə heyəti yolladı.
Qacar dövlətinin Azərbaycanı tanımamasının yeganə səbəbi bu əraziləri öz torpağı hesab etməsi idi.
Göründüyü kimi o “möhtəşəm” İran diplomatiyası tarixi əlaqələri, ortaq keçmişi olan bir xalqın qurduğu dövləti tanımırdı.
Arxiv mənbələri əlinin altında olan Vilayəti, şübhəsiz ki, bunları bizdən yaxşı bilir.
Nümayəndə heyəti xeyli Bakıda qaldı və hökumətinə raportlar göndərdi.
Həmin raportlardan biri Hz. Məhəmmədin mövludu günündə baş verənlərlə bağlıdır. Nəzər yetirək:
“… Məhəmməd Əmin Rəsulzadə də, nitq söylədi. Həzrət Peyğəmbər (s.ə.s)-in fəzilətləri sırasında bu məsələni də, xatırladı ki, Həzrət Peyğəmbər (s.ə.s)-in təvəllüdünün xoş nəticələrindən biri də Kəsra sarayının tağı idi. Belə ki, Kəsra sarayının tağının yerə düşməsi ilə zəif millətlər zülmkar bir dövlətin əsarətindən xilas oldular. İndi də, şimal imperiyası dağılıb və digər bir Kəsra sarayının tağı üzüüstə yerə gəlmişdir. Onların əsarəti altında olan millətlər üçün yeni bir xoşbəxtlik dövrü başlamışdır. Nitqi əsnasında müxtəsər formada iranlı nümayəndələr haqqında da danışdı. Rəsulzadənin nitqi bizim məzhəbi adət-ənənəmizə uyğun olsa da, amma fikrimcə, burada İranın tarixi keçmişi və milliyyəti haqqında kinayəli formada nə isə çatdırmaq istədi. Xüsusilə də, Kəsra tağının tarixi hissəsinin arxasınca türk milləti və türkün birliyindən söhbət açdı. Onun bu nitqi məni qəmgin etdi. Lakin xoşbəxtlikdən orada iştirak edənlərin, bəlkə də heç 10 nəfəri onun bu sancmasını başa düşmədilər. Bu nitqə cavab verməyim üçün şərait, münasib deyildi”.
Bu raporta İran Nazirlər Kabinetinin verdiyi cavab isə bu şəkildə olub:
“İran xeyriyyə cəmiyyətində Məhəmməd Əmin Rəsulzadənin etdiyi nitq də son dərəcə təəssüf hissi doğurur. Fikrimcə, yaxşı deyil ki, bu şəxsləri azad qoyasan və onlar da qərəz və səthi məlumatlar üzündən hər bir mövqedən istifadə edərək, ümum kütləni həqiqət yolundan ayrı salıb öz pis niyyətlərini həyata keçirə bilsinlər. Əlbəttə, həmin gün cənab alinin Rəsulzadəyə cavab verməsi münasib olmazdı. Lakin indidən tərəflərin gözəl münasibətlərini korlamaq üçün addım atan bu kimi şəxsləri narahat etmək lazımdır”.
Başqa izaha ehtiyac yoxdur.
Başqa bir raportda Rəsulzadənin və Müsavat partiyasının İrana olan münasibəti bu şəkildə təqdim edilib:
“Rusiya inqilabından sonra meydana çıxan Müsavat partiyası türk birliyi əqidəsinin tərəfdarıdır və Azərbaycan dövlətinin təsisçisi kimi tanınır. Bu firqənin üzvləri İrana xoş münasibətdə deyil, xüsusilə də Rəsulzadənin təbliğatı vasitəsilə İranı zəif və gücsüz hesab edir və öz müstəqilliklərini Osmanlılarla ittifaqda görürlər. Lakin 1 illik təcrübədən sonra bu gün artıq həmin əqidənin təəssübkeşi deyillər. Öz müstəqillikləri üçün faydalı olan hər bir yolu seçəcəklər. Rəsulzadə və onun səmimi silahdaşları İranın yardım və dəstəyini özləri üçün faydalı hesab etsələr belə, yenə də, İrana qarşı ehtiram və səmimiyyətləri yoxdur”.
Göründüyü kimi Rəsulzadə dövlət xadimi kimi qonşularla xoş münasibətlərin tərəfdarı olsa da, İrana qarşı münasibəti heç də yaxşı deyildi.
Cümhuriyyətin işğalından sonra da Tehran müstəqil Azərbaycan adına qarşı mübarizəsini davam etdirib. Belə ki, Rəsulzadə 1923-cü ildə İstanbulda “Azərbaycan Cümhuriyyəti” kitabını yazıb ölkəmizi təbliğ edəndə Tehranda çap olunan “Mihen-i yevmiye” qəzeti bu kitabı tənqid edib, əleyhinə məqalə yazıb. Rəsulzadə də bu məsələyə geniş bir məqalə həsr edərək “Yeni Kafkasya” jurnalında çap etdirib. Həmin məqalədən sitat: “İranlı dostlarımızın ən çox hirsləndikləri şey mənim azərbaycanlıların türk olduqlarını iddia etməyimdir. Fəqət bu iddiaya hirslənməkdən daha bayağı bir şey təsəvvür etmirəm. Bir xalqın milliyyətini tədqiq edərkən danışdığı dilin əhəmiyyəti varsa, bu məntiqlə azərilər türkdür... Çingizin təbrizliləri fars ikən türk etdiyini söyləmək qədər qeyri-ciddi bir cavab təsəvvür edilə bilməz... Dədə Qorqudun dili bu gün İrəvan ilə Təbrizdə söylənən dildən çox da fərqli deyil...”
Xülasə etsək, Tehranın Rəsulzadəyə və Azərbaycan Cümhuriyyətinə münasibəti bu şəkildə olub:
Rəsulzadənin 1918-ci ildə İstanbulda Azərbaycan Nümayəndə Heyətinin rəhbəri olaraq tanınma ilə bağlı Qacar dövlətinə göndərdiyi sənədə qarşı tərəf 2 sentyabrda “Azərbaycan adında dövləti tanımadıqlarını” bildirib.
Qacar dövlətinin mətbuatında Rəsulzadəyə və “Azərbaycan” adına qarşı davamlı kampaniya aparılıb, dövləti heç bir şəkildə tanımaq istəməyiblər.
Azərbaycan hökumətinin gömrük və s. kimi bürokratik əngəllərindən sonra məcbur qalan Qacar hökuməti nümayəndə heyəti göndərib.
Nəhayət, 1920-ci ilin mart ayında tərəflər arasında müqavilənin imzalanması nəzərdə tutulub, amma işğal faktı nəticəsində proses yekunlaşmayıb. Yəni İran dövlətinin xoş niyyəti olsaydı, zamanında tanıyardı.
Rəsulzadə ilə Seyid Həsən Tağızadə arasındakı münasibətlər şəxsi dostluq əlaqələri idi ki, 1955-ci ildə Məhəmmədəmin bəy vəfat etdiyi zaman Seyid Həsən İran mətbuatında yazı qələmə almışdı. Bu baxımdan onların şəxsi münasibətlər çərçivəsindəki bir məktubu qarşısında Vilayətinin bütün bir prosesi inkar etməsi ənənəvi İran riyakarlığından başqa bir şey deyildir. Ən əsası keçmişdə baş verən səhvlərdən nəticə çıxarılsaydı, bu gün Vilayətinin bağlı olduğu ali dini liderləri tarixi türk və islam torpağı olan Zəngəzuru ermənilərə peşkəş çəkməzdi…

Müəllif: Dilqəm Əhməd