9 Dekabr 2022 16:58
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə USAİD Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində qadın sahibkarların iqtisadi və sosial həyatda üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər barədə müzakirələr aparılıb.

Hicran Hüseynova bildirib ki, qadın sahibkarların rolunun cəmiyyətdə gücləndirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Hicran Hüseynova diqqətə çatdırıb ki, qadın sahibkarların imkanlarının genişləndirilməsi üçün qanunvericilikdə bəzi dəyişikliklər ediləcək. Qadın sahibkarlar maariflənməli, mentorluq proqramlarında iştirak etməlidirlər. Cəmiyyətimizdə mövcud olan pozitiv diskriminasiya tədricən dövlət və özəl qurumların birgə səyi nəticəsində aradan qaldırılacaq.

USAİD PSA “Assosiasiyalarda Qadınlar” Komponentinin rəhbəri Şəlalə Kamilova görüş üçün təşəkkürünü bildirərək deyib ki, layihənin əsas məqsədi qadın sahibkarların, onları müxtəlif sahələrdə təmsil edən və elə qadınlar tərəfindən də idarə olunan assosiasiyaların gücləndirilməsidir. Təşkilat və assosiasiyalar nə qədər güclü olarsa, göstərdiyi xidmət də bir o qədər mühüm və yararlı olar. Layihə çərçivəsində iki il ərzində qadınlara fokuslanan 20-dən artıq assosiasiya ilə iş aparılır və cəmiyyətdə qadınların rolunun gücləndirilməsi istiqamətləri üzrə əsas prioritet sahələr müəyyənləşdirilib.

USAİD PSA “Assosiasiyalarda Qadınlar” Komponentinin Hüquq və Siyasət üzrə mütəxəssisi Rəşid Məmmədov layihənin tövsiyə sənədini təqdim edib. Qeyd olunub ki, bu sənəd müvafiq siyahıda adları olan təşkilatlarla birgə hazırlanıb. Bütün region üzrə qadın sahibkarlar arasında keçirilən sorğu və hesabatın nəticələri də sənəddə öz əksini tapıb.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva çıxışında bildirib ki, əsas çətinlik dəyər zəncirində qırılmaların olmasıdır. Bununla bağlı qanunvericilikdə bir neçə dəyişiklik edilməlidir. Digər bir məsələ isə regionlarda kadr potensialı ilə bağlıdır. Xaricdən gələn layihələrin əksər hissəsi öz ekspertləri tərəfindən yerinə yetirilir. Regionlarda rəqəmsallaşma inkişaf etmədiyi üçün hüquqi məsələlərdə köməyə ehtiyac yaranır.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, regionların iqtisadi inkişafında aparıcı qüvvə olan qadın fermerlərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların şəbəkələşməsi üçün dəstək göstərmək lazımdır. Biz bunu ancaq regional səviyyədə edirik. Bunun milli səviyyədə edilməsi üçün kömək lazımdır.

Görüşdə iştirak edən Azərbaycan Biznes Qadınları Platformasının təsisçisi Tatyana Malikova təhsilin önəmindən danışıb, regionlarda xüsusilə qadınlar arasında təhsildən yayınma hallarının qarşısının alınmasının vacibliyini qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər