"Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk dünyası üçün çox ciddi hadisədir. Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Türkmənbaşı şəhərində birgə görüşünün keçirilməsi və bir sıra vacib sahələrlə bağlı sazişlərin imzalanması üç ölkə arasında münasibətləri dərinləşdirməyə xidmət etməklə yanaşı, regional sabitliyə, rifaha xidmət göstərir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, görüşdə üç ölkə arasında iqtisadi-ticari, gömrük, energetika, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən sənədlər imzalanıb:
"Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. . Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı".
Komitə sədri vurğulayıb ki, birinci Üçtərəfli Zirvə Görüşündə imzalanan sənədlərdən də göründüyü kimi, Bakı, Ankara və Aşqabad arasında əməkdaşlıq münasibətləri yeni mərhələyə daxil olur və yeni razılaşmalar əlaqələrin daha da inkişaf etdirilməsi baxımından ciddi zəmin hazırlayır:
"Üç ölkənin birgə tərəfdaşlığı çox da uzaq olmayan perspektivdə “Transxəzər” qaz kəməri kimi böyük geoiqtisadi, geosiyasi lahiyələrin reallaşması imkanlarını da artırmaqla yanaşı Türk dünyası tarixində yeni bir səhifə açıb. Azərbaycan artıq Mərkəzi Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsində mühüm tərəfdaşdır, həmçinin qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqilliyində de-fakto zəmanətçi kimi çıxış edir. Zamanında Prezident İlham Əliyevin bütün maneələrə baxmayaraq böyük uzaqgörənliklə reallaşdırdığı transmilli layihələrin də əsl əhəmiyyəti məhz bu çətin məqamlarda bir daha üzə çıxdı".